100 yaşlı Niyazi… -Video

21 Avqust 2012 12:25 (UTC+04:00)

Həyatda seçilmiş insanların olduğuna inanıram. İnanıram ki, bəzi insanlar tanrının yerdəki siması təsəvvürünü yaradır. Mənim üçün o simalardan biri Niyazidir!


Niyazinin ev muzeyinə yollananda artıq bəzi məlumatları oxumuşdum, amma muzey direktorunun danışıqlarından sonra mən sadəcə aysberqin görünən tərəfinə baxdığımı başa düşdüm. Söz yox ki, mən eşitdiklərimin heç da hamısını bu yazıda qeyd etməyəcəm, sadəcə onun anım günündə bəzi məqamlara toxunacağam.


26 yaşda "Şərəf" ordeni


Sonralar musiqi aləminə adını qızıl hərflərlə yazdıran Niyazi 1912-ci il avqustun 20-si Tiflisdə anadan olub. Amma əslən Şuşa şəhərindən olub. Musiqi ailəsində böyüsə də, hərbiçi olmaq istəyib. Hətta bir müddət hərbi məktəbdə təhsil də alıb. Lakin genlərindən gələn musiqi istedadı onu boş buraxmır. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə, Moskva musiqi məktəbində daha sonra Leninqrad musiqi məktəbində davam etdirir. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayır. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının və Radio Komitəsinin orkestrində işləyir. 1935-37-ci illərdə isə Azərbaycan Dövlət Estrada orkestrində rəhbərlik edir. Keçmiş SSRİ məkanında məşhurluğu 26 yaşında ikən əldə edir.

Belə ki, keçirilən "Azərbaycan incəsənəti günləri" dekadasında çıxış edir və bundan sonra Niyazi "Şərəf" ordeni ilə təltif edilir. Daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmur. O, ilk əsəri olan "Od içində" fortapiano poemasını 30-cu illərin əvvəllərində yazıb. Daha sonra "Talış xalq mahnıları" mövzusunda fortapiano pyeslərini, Azərbaycanın ilk simfonik əsərlərindən olan "Zaqatala süitası"nı yazır. 1935-ci ildə ilk dəfə olaraq, Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürür.


Dirijorun həkimi


Musiqidə əldə etdiyi uğurlar həyatında o qədərdə hiss olunmur. Gənc yaşlarında vərəm xəstəliyindən əziyyət çəkən Niyaziyə Leninqradın havası düşmür. Buna görə də işlərini Mahaçqalada davam etdirir. Həmin vaxt ömrünün sonunadək bərabər olduğu xanım Həcərlə tanış olur. Həmin vaxt Həcərin qardaşı İranın Mahaçqaladakı konsulluğunda işləyirmiş. 1932-ci ildə ailə İrana qayıdan zaman Niyazi Həcəri qaçırdır. 1933-cü ildə onlar molla kəbini kəsdirirlər. Həcər xanım ixtisasca həkim olsa da heç vaxt işləmir. Onlar əvvəllər çox kasıb yaşayırlar. Eyni pencəyi mövsümə uyğun rəngləyib neçə il geyinməsi, ayaqqabılarına su keçməsin deyə içinə qəzet qoymağı və.s. kimi xatirələr Həcər xanımın kitabında qeyd olunub. Bunlara baxmayaraq, cütlük xoşbəxt olmağı bacarır...

Bir müddət sonra maddi problemlər öz həllini tapır. Amma bu hələ hər şeyin nizamda olması demək deyildi. Onların həyatları heç vaxt tam olmadı - övladları dünyaya gəlmədi. Bəzi mənbələrdə ailənin bir Ceyhun adlı uşağı övladlığa götürmələri yazılsa da, Niyazinin ev muzeyinin direktoru Rza Bayramov bunun təkzib edir. Onun sözlərinə görə, həmin uşaq Həcər xanımın qohumları tərəfindən oğulluğa götürülüb, lakin Niyazigilin sevimlisinə çevrilib, evə daim gedib-gələn biri olub.


Sonun əvvəli


Sevgi ilə evlənən bu insanların hisləri sona kimi ölmür. Onlar barədə yayılan lətifələr günün mövzularında olur. Həm Niyazi tünd xasiyyətli biri olsa da Həcər xanım onu yola gətirməyi yaxşı bacarır. Elə buna görə də onlar ömürlərinin sonuna kimi bərabər yaşayırlar. Gənclikdə vərəmdən əziyyət çəkən Niyazi Həcər xanımın qulluğu sayəsində sağalır, özünü gümrah hiss edir. Lakin 1984-cü ildə vəfat edir. Vərəmdən deyil, ürək çatışmazlığından.

Özü də doğulduğu ayda - avqustun ikisində. Niyazinin ölümündən sonra Həcər xanımın həyatı tamamilə dəyişir. Əzab, iztirab, sonda isə heç kimin ağlına gəlməyən ölüm... Yuxarıda qeyd etdiyim kimi, çoxlarının Niyazinin oğulluğu kimi tanıdığı Ceyhun Həcər xanımın ciddi probleminə çevrilir. Onun narkomaniyaya qurşanması daha böyük faciələrə yol açır. Ceyhun pul üçün Həcər xanımı öldürür! Bununla da Niyazinin irsinin ən yaxşı təbliğatçısını da itirmiş oluruq.




Səadət Abbaslı

AzNews.az