618 nəfər sığınacaq tapdı- Rəsmi məlumat
5 Fevral 2014 13:28 (UTC+04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı 600 nəfəri keçdi.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a daxil olan məlumata görə, ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə bağlı Nazirlik tərəfindən Bakının ayrı-ayrı rayonlarında və Sumqayıt şəhərində təşkil edilən müvəqqəti sığınacaqlardan istifadə edənlərin sayı ümumilikdə 618 nəfərə çatıb.
Onlardan 100 nəfəri Xətai, 205 nəfəri Nərimanov, 121 nəfəri Nəsimi, 82 nəfəri Nizami, 48 nəfəri Yasamal, 62 nəfəri isə Sumqayıt şəhərindəki sığınacaqdan istifadə edib. Həmin vətəndaşlar sığınacaqlarda 24 saat ərzində yataqla, istiliklə, gün ərzində 3 dəfə isti qidalarla təmin olunub, ehtiyac duyanlara tibbi xidmət göstərilib.
Sığınacaqlara ehtiyacı olan, lakin gələ bilməyən şəxslər barəsində 142-Qaynar xətt və ya müvafiq icra orqanları vasitəsilə məlumatlar alınaraq onların da qısa müddətdə sığınacaqlara gətirilməsi təmin edilib.
Xatırladaq ki, 31 yanvar tarixindən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.
Amid
AzNews.az