“İqtisadiyyata qoyulan sərmayə rekord həddə çatıb“ - Prezident

5 Fevral 2014 21:36 (UTC+04:00)
Fevralın 5-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgi keçirilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində hazırda Cənubi Qafqazın ümumi iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

AzNews.az xəbər verir ki, prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgidə çıxış edib.

İkinci Dövlət proqramının artıq başa çatdığını deyən prezident İlham Əliyev bildirib ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi regionların inkişafında xüsusi rol oynadı. 2009-2013-cü illəri əhatə edən ikinci proqramın da regionların inkişafında, ümumiyyətlə, ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir. Son 10 ildə Azərbaycan çox sürətlə inkişaf edib. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ölkəyə xeyli gəlir gətirib. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktur layihələrinə uğurla istiqamətləndirilib.

Azərbaycanın iqtisadi potensialından danışan prezident İlham Əliyev gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını bildirib. Qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatmışdır və 28 milyard dollar təşkil etmişdir. Daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur.

Sahibkarlığa geniş meydan verilməsinin daim diqqət mərkəzində saxlandığını vurğulayan prezident İlham Əliyev ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini deyən dövlətimizin başçısı sahibkarlığa dəstəyin davamlı olacağını deyib. Ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olub. Həmin müddətdə 17 elektrik stansiyası tikilmiş, ölkəmizin 90 faizə yaxın ərazisində qazlaşdırılma aparılmışdır, yolların tikintisi üzrə geniş layihələr icra edilir.

Sosial infrastruktur layihələrindən danışan Prezident İlham Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söylədi və növbəti 5 il ərzində bu prosesin sürətlənəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, 10 il ərzində 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisə inşa edilmiş, yaxud təmir olunmuş, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilmiş və ya bərpa edilib.

Prezident İlham Əliyev növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək üçüncü Dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Konfrans-sərgiyə yekun vuran prezident İlham Əliyev son 10 ildə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyini, makroiqtisadi vəziyyətin sabit qalacağını qeyd edib. Dövlət başçısı bunun üçün heç bir maliyyə probleminin olmadığını, əsas xərclərin sosial və infrastruktur layihələrinə yönəldiləcəyini bildirib.

Prezident İlham Əliyev aparılan islahatların davam etdiriləcəyini, qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söylədi və bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib.

İlham Əliyev su, kanalizasiya, meliorasiya layihələrinin, kənd təsərrüfatının inkişafında ən müasir metodların tətbiqinin, məhsuldarlığın artırılmasının, fermerlərin elektron qeydiyyat sisteminin qurulmasının, bölgələr üzrə ixtisaslaşmanın aparılmasının, torpaqların elektron uçot sisteminin yaradılmasının, subsidiyaların verilməsində tam şəffaflığın təmin edilməsinin, ərzağın keyfiyyətinin qorunmasının, aqroparkların, logistika mərkəzlərinin yaradılmasının, bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük vəsait ayırmalarının, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsinin vacibliyindən və digər məsələlərdən də danışıb.

Dövlət başçısı ötən 10 ildə qarşıya qoyulan vəzifələrin hamısının tamamilə icra edildiyini deyərək, əminliklə vurğulayıb ki, qəbul ediləcək üçüncü Dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcək.