Hava ilə bağlı mülayim proqnoz

6 Fevral 2014 11:25 (UTC+04:00)
Fevralın 9-da artıq gecə saatlarında Bakıda və Abşeron yarımadasında şaxtalı hava şəraitinin olacağı gözlənilmir.


Ümumiyyətlə isə fevralın ikinci ongünlüyündə Azərbaycan ərazisində havanın temperaturu iqlim norması daxilində tərəddüd edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın əvvəlinə nisbətən fevralın ikinci ongünlüyündə Azərbaycan ərazisində hava mülayim keçəcək.

Bu gecə Abşeron yarımadasında 2-7, Bakıda isə 3 dərəcə şaxta olub. Fevralın 6-dan 7-ə və fevralın 7-dən 8-ə keçən gecə şaxtalı hava şəraiti davam edəcək. Həmin günlərdə gecə Bakıda və Abşeron yarımadasında 0-4 dərəcəyədək şaxta müşahidə olunacaq.

Gündüz saatlarında isə havanın temperaturu 0 dərəcədən yüksək olacaq, temperatur 2-5 dərəcə isti olacaq. Fevralın 9-da isə artıq gecə saatlarında şaxta gözlənilmir. Həmin gecə Bakıda və Abşeron yarımadasında gecə 2 dərəcəyə yaxın isti gözlənilir.

Departamentdən bildirilib ki, bir necə gün əvvəl müşahidə edilən soyuq, şaxtalı hava şəraitinin təkrarlanacağı proqnozlaşdırılmır. Ahazırkı hava şəraiti bir necə gün əvvəldən ölkə ərazisində müşahidə edilməyə başlayan soyuq hava şəraitinin sonu hesab edilir. Bu günlərdə müşahidə edilən soyuq hava şəraiti 2012-ci illə müqayisədə daha əlverişli olub. Həmin ildə hava şəraiti daha kəskin şaxtalı olub.

AzNews.az