Əli İnsanovun Milli Şuraya gətirilməsi xəbərinə sərt REAKSİYA

6 Fevral 2014 13:25 (UTC+04:00)



Milli Şuranın sədri Cəmil Həsənli hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun adıçəkilən qurumun rəhbərliyinə gətirilməsinə münasibət bildirib.


AzNews.az-a açıqlamasında Cəmil Həsənli deyib ki, həmin məlumat "Yeni Müsavat" qəzetinə məxsusdur və bu xəbər həmin mətbuat orqanında getdiyindən məsələyə münasibət bildirmək istəmir: "Xəbərin mənbəyi "Yeni Müsavat"dır. Qoy onlar da xəbərlərinin nə dərəcədə doğru olduğunu bəyan etsinlər".

C. Həsənli "Əli İnsanov Milli Şuraya üzv olmaq üçün ərizə ilə müraciət edibmi" sualını cavablandırmaqdan boyun qaçırıb: "Mən buna da cavab verməyəcəyəm". Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin yazdığına görə, hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Milli Şuranın sədri və ya həmsədrliyinə gətirilməsi təklifi irəli sürülüb.

Məlumata görə, kifayət qədər məhdud dairədə aparılan danışıqlarda Milli Şuraya sədr və ya həmsədr seçilməsinə razılıq verməsi üçün Əli İnsanova müraciət göndərilməsinin vacibliyi təklifi səslənib. Əli İnsanovun təklifi necə qarşılayacağı bəlli olmadığından, hələlik məsələ barədə ictimaiyyətə, o cümlədən Milli Şuranın sıravi üzvlərinə heç bir rəsmi informasiya verilməməsi qərara alınıb.

Bahar Rüstəmli
AzNews.az