Baş Prokurorluq aydınlıq gətirib

6 Fevral 2014 17:14 (UTC+04:00)
Baş Prokurorluq Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işindəki dəyişikliyə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, 30 avqust 2013-cü il tarixdə paytaxtın Suraxanı rayonu, H.Əliyev prospektində Təhmin Verdiyevin idarə etdiyi BMW-X5 markalı 90 XV 780 qeydiyyat nişanlı avtomobilin piyada Günay Məmmədovanı vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı T.Verdiyevin hərəkətlərində cinayət tərkibi olmadığından 28 yanvar 2014-cü il tarixdə iş üzrə icraata xitam verilib.

Mərhumun tanışı Rabil Rzayevin hərəkətlərində həmin Məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə rayon Prokurorluğuna göndərilib.

Hazırda Suraxanı Rayon Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.


AzNews.az