Ərəstun Oruclu: “Azərbaycan narahat qonşular əhatəsindədir”

22 Avqust 2012 06:32 (UTC+04:00)

Ötən həftə "Rusiyanın səsi" radiosunda Azərbaycanın silahlı qüvvələrini aktiv şəkildə yeni texnologiyalarla təchiz etdiyi ciddi müzakirə mövzusu olub. Müzakirədə iştirak edən nüfuzlu ekspert-konfliktoloqlar bu aktivliyin nə ilə bağlı olduğu barədə öz rəylərini bildiriblər.


Ekspertlərin əsas müzakirəsinə səbəb isə son zamanlar Azərbaycana daha çox göndərilən "Mi-35 M" döyüş vertolyotları, eləcə də son 10 ildə Azərbaycanın hərbi aviasiya proqramına uyğun olaraq müxtəlif ölkələrdən aldığı 47 döyüş təyyarəsi və 109 vertolyot olub.

Azərbaycanın silah almasının Rusiyada geniş müzakirə edilməsinin və rəsmi Moskvanın narahat görünməsinin səbəblərini politoloq Ərəstun Oruclu ilə aydınlaşdırmağa çalışdıq:


- Ərəstun müəllim, əraziləri işğalda olan bir ölkə niyə silahlanma məsələsi ilə gündəmə gəlir? Bunu nə ilə izah etmək olar?


-Bu anlaşılandır. Ələlxüsus da Rusiyada ona görə narazılıq doğurur ki, Rusiya böyük bir silah bazarını itirib. Bu gün Azərbaycanın təhlükəsizlik, hərbi sursat, müdafiə sahəsində əsas partniyorunun İsrail, qismən də digər ölkələr olduğunu nəzərə alsaq, o zaman Rusiyanın real pul itirdiyini və ona görə də narahatlıq keçirdiyini başa düşmək olur. Amma digər tərəfdən silahlanmanın münaqişənin həllinə mane olur yanaşması bir qədər məntiqsiz səslənir. Çünki, silah və silahlanma faktoru münaqişənin həllində, həmçinin də danışıqlar prosesinə təsir göstərən çox zəruri faktorlardan biridir. Rusiya ümumiyyətlə, Azərbaycanın onun geopolitik təsir dairəsindən getdikcə daha çox çıxmasından narahatdır. Bu daha ciddi narahatlıqdır, nəinki, silah satışında 1-2 milyard dollar itirməsi. Azərbaycan bu gün daha çox NATO, qərb standartlarına maraq göstərir ki, bunu da Kreml sakit qarşılaya bilməz. Bu ekspertlərin dili ilə səslənsə də daha çox Rusiyanın daxili auditoriyasına hesablanmış müəyyən mesajlardır. Eyni zamanda da Azərbaycana və Azərbaycan yolu tutmuş postsovet ölkələrinə yönələn təhdid, hədə xarakterli mesajlardır. Əgər Rusiya silahlanmanın problemin həllinə maneə yaratdığını güman edirsə, o zaman niyə özü Ermənistanı qarşılıqsız silahlandırır? Əgər Rusiya silahlanmanı münaqişənin həllində, o cümlədən siyasi problemlərin həllində silahı zəruri amil saymırsa o zaman niyə BMT-nin sanksiyalarının qarşısını almaqla Suriyanı silahlandırmaqda davam edir? Bu yaxınlarda Amerika ilə, Özbəkistan arasında anlaşma əldə olunub. Həmin anlaşmaya görə, Əfqanıstandan çıxarılan qoşunların bir hissəsi Özbəkistanda yerləşdiriləcək. Bu onu göstərir ki, açıq və gizli təhdidlərə baxmayaraq, postsovet məkanı ölkələri az-çox daxili problemlərinə baxmayaraq, geosiyasi partniyor seçimində artıq müəyyən qədər söz sahibidirlər.


-Deyək ki, Rusiya geopolitik baxımdan bəzi məsələlərlə razılaşa bilmir, bəs qərbdə nədən narahatdırlar?


-Qərbdə ondan ehtiyat edirlər ki, bu silahlanmadan istifadə edərək Rusiya münaqişəni qızışdıra bilər. Mənə elə gəlir ki, bu qorxu yoxdur. Ona görə ki, artıq Rusiyanın öz maraqları onun sərhədlərində sabitliyin olmasını tələb edir. Cənub cinahdan Rusiyanın daxilindəki duruma baxsaq, orada Şimali Qafqaz kimi bir detanatorun olduğunu görərik. Yaxınlıqdakı cüzi bir alov həmin detanatoru işə sala bilər. Belə olan halda Rusiyanın hansı vəziyyətə düşə biləcəyini təxmin etmək çətin deyil.


-İrana gözlənilən hərbi müdaxilə və Azərbaycana qarşı təhdidləri nəzərə alsaq, bu silahlanma müdafiə məqsədi daşımır ki?


-Əslində Azərbaycanın aldığı silahların böyük əksəriyyəti müdafiə xarakterlidir. Məsələn, raket hücumlarından müdafiə sistemləridir ki, bunlar da Rusiyanın özündən, İsraildən alınıb. Bütün bunlar sübut edir ki, Azərbaycan hazırda müdafiə xarakterli silahlanma aparır. Hesab edirəm ki, bu yanlışdır. Azərbaycana çox müasir aviasiya lazımdır. Bu gün ən müasir qırıcı-bombardmançı təyyarələrin biri 150-180 milyon dollardır. Niyə Azərbaycan özünə 20 belə təyyarə almağı lazım görməsin? Belə olarsa, Azərbaycana təcavüz etmək istəyən istənilən bir dövlət öz ərazisində 200-500 arası bomba, raket zərbəsinə hazır olmalı olacaq. Çünki həmin təyyarələr radarlarla asanlıqla tutulan, zərərsizləşdirilə bilən deyil. Hesab edirəm ki, bu, bir tormozlayıcı faktordur. Bilirsiniz ki, Azərbaycanın qonşularının əksəriyyəti də narahat dövlətlərdir. Bu baxımdan da Azərbaycanın müdafiə təyinatlı silahlarla yanaşı, həm də hücum, özü də dağıdıcı xarakterli silahlara ehtiyacı var. Ona görə yox ki, onu nə zamansa istifadə edəcək, ona görə ki, Azərbaycana qarşı təcavüz etmək niyyətində olan istənilən bir qonşu dövlət bu amili nəzərə almış olacaq.

Gültən

AzNews.az