Azərbaycan ilə İspaniya arasında əməkdaşlıq imkanları müzakirə olunub - FOTO

6 Fevral 2014 18:44 (UTC+04:00)
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş əsnasında Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və parlamentlərarası əlaqələrin vacib rola malik olduğunu diqqətə çatdırıb.
İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və öz doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını qeyd edərək, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb. O, Azərbaycanın mövqeyinin haqq və ədalətə əsaslandığını diqqətə çatdırıb.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə Azərbaycanın mövqeyi barədə İspaniya nümayəndə heyətini ətraflı şəkildə məlumatlandıraraq, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə baxmayaraq, beynəlxalq təşkilatların, xüsusilə, BMT TŞ-nin dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.


AzNews.az