Ruhaninin dövlət TV-də canlı çıxışına razılıq verilməyib - FOTO

6 Fevral 2014 21:55 (UTC+04:00)
Fevralın 5-də İran prezidenti Həsən Ruhaninin dövlət televiziyasında müsahibəsinin canlı yayımına icazə verilməyib.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, ölkənin iqtisadi durumu ilə bağlı müsahibə xəbərlərin saat 21 buraxılışından sonra yayımlanmalı imiş. Vətəndaşlar televizorlar qarşısında ölkə prezidentinin müsahibəsini gözləsələr də, digər verilişlər yayılıb. Ruhaninin müsahibəsi saat yarım sonra verilib.

İranın "İRNA" agentliyi bildirib ki, müsahibənin canlı yayımına tədbirlər görülsə də, naməlum səbəblərə görə İran Dövlət Radio-Televiziyasının qatı mühafizəkarlara yaxın olan rəhbəri İzzətullah Zərqami canlı yayıma icazə verməyib və onunla Ruhani arasında mübahisə yaranıb.

Ruhani müsahibə aparacaq şəxslərin seçiminə də etiraz bildirərək ondan aparıcı Sonia Puryaminin müsahibə almasını istəyib. Dövlət televiziyasının rəhbəri buna da razılıq verməyib.

Ruhani elə həmin gün özünün "tvitter" səhifəsində müsahibəsinin canlı yayımına icazə verilməməsindən gileylənib. O, müsahibənin vaxtında yayılmamasının səbəbini açıqlamayıb: "Allah qoysa, başqa bir vaxtda bu haqda danışacağam".

Xatırladaq ki, ölkənin tele-radio şirkətinin başçısı İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi tərəfindən təyin edilir.


AzNews.az