Nazirliyə müraciətlərin sayı azalıb

7 Fevral 2014 09:36 (UTC+04:00)
Son aylarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşlara xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, xidmət sahələrində şəffaflığın təminatı, sosial qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması istiqamətində aparılan məqsədyönlü işlər nazirliyin 142 - "Qaynar xətt"inə daxil olan müraciətlərin kəskin şəkildə azalması ilə müşaiyət olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin yanvar ayında vətəndaşlar tərəfindən 142 - "Qaynar xətt"ə edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 780-dən 423-ə enib.

Əksəriyyəti sorğu xarakteri daşıyan müraciətlərin 349-u ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət, 14-ü məşğulluq, 46-sı əlillik, 14-ü isə əmək hüquqlarının təminatı məsələləri ilə bağlı olub.
Müraciətlərin operativ və obyektiv cavablandırılması üçün konkret tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlara məlumat verilib.

AzNews.az