Həkim səhlənkarlığı: gənc ana öldü

7 Fevral 2014 11:06 (UTC+04:00)
Gürcüstanlı həkimlərin sözlərinə görə, 22 yaşlı qadının ölümünə səbəb azərbaycanlı həmkarlarının səhlənkarlığı olub


Azərbaycanda daha bir ana doğuşdan sonra dünyasını dəyişib. Anspress-in verdiyi məlumata görə, ana ölümü Qazax rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Bakı küçəsi 175 üvanında yaşayan 22 yaşlı Vüsalə Siyavuş qızı Məmmədova yanvarın 31-də vaxtından öncə təbii doğuş keçirib. Ana oğlan uşağı dünyaya gətirib. Uşağın çəkisi 3 kiloqram olub. Körpənin vəziyyəti normal olsa da, ananın halı evə buraxılandan sonra yenidən pisləşib.

Onu yenidən rayon xəstəxanasına aparıblar. Lakin orada Vüsalə Məmmədovanın vəziyyətində irəliləyiş olmadığı üçün qadın Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib. Təssüf ki, burada da qadına heç bir yardım etmək mümkün olmayıb.

Ailə üzvlərinin verdikləri məlumata görə, qadın doğuşdan sonra daxili qanaxma keçirib. Bakıda da qadına yardım edə bilmədikləri üçün, onu Gürcüstana aparıblar.

Vüsalə Məmmədovaya Gürcüstanda tibbi yardım göstərilsə də, qadının səhhətində heç bir irəliləyiş olmayıb. Gürcüstan həkimləri Vüsalənin ailə üzvlərini bildiriblər ki, qadın həkim səhlənkarlığı üzündən bu hala düşüb. Deyilənlərə görə, qadın vaxtından əvvəl təbii doğuş keçirib. Bu səbəbdən də, Vüsalənin daxili orqanları zədələnib. Həkimlər bundan gec xəbər tutublar. Gürcüstanlı həkimlərin sözlərinə görə, vaxtında müdaxilə olsaydı, bəlkə də, vəziyyət bu qədər pisləşməzdi.

Gürcüstan həkimlərinn səylərinə baxmayaraq, Vüsalə Məmmədova bu gecə dünyasını dəyişib. Hazırda meyidi Qazaxa, doğulduğu kəndə gətirilir. Gənc ananın bu gün və ya sabah dəfn ediləcəyi bildirilir.

Faktla bağlı əlavə məlumatlar veriləcək.

AzNews.az