Nifrət dili ilə sağollaşma dönəmi

7 Fevral 2014 11:44 (UTC+04:00)
Siyasətdə dil "ixtiraları"


Problemlərə ad vermək onlarla necə işləməyin dilini, yönünü seçməkdir. Söz var, göstər dostlarını, deyim necə adamsan. İndi bu ruhda söyləmək olar, göstər dünyanı hansı dildə görükdürürsən, deyim, hansı səviyyədəsən.

Siyasəti, mədəniyyəti gəlişmiş ölkələr bunu yaxşı bildiyi üçün ad ixtiraçılığına, tapıntılarına yaman önəm verirlər. Yuqoslaviyada vətəndaş savaşı olanda Batı heç cürə dinc yolla serblərin boşnaklara qarşı genosidini durdura bilməyəndə, ortaya "humanitar qəza" ("humanitar katastrof") termin-adını ataraq, bununla Belqradı bombalamağı təmizə çıxardı. O vaxtdan "humanitar katastrof" Uluslararası siyasətin dil vahidinə çevrildi. Bu sözü hətta rus siyasəti də zəif qonşusunun (tutalım, Gürcüstanın) torpağına girmək istəyəndə işlədir.

İngiltərədə müsəlman radikalları bombalar partladanda, onların isə çoxu Britaniya vətəndaşı idi, bu adamları necə adlandırmaq məsələsi gündəmə gəldi və o zaman Media "bombistlər" ("bombaçılar") adını dövriyyəyə buraxdı. Bununla "müsəlman" sözünü dəqiqədə bir işlətməkdən canını qurtardı. Yoxsa, yaxşı deyildi, axı, ölkədə bu qədər müsəlman vətəndaş ola-ola dinin adını terrorla pis qonşuluqda işlətmək.

Yadımdadır, Çeçenistanda Dudayev başda olmaqla Rusiyaya qarşı savaş başlananda ilk dəfə Yeltsenin köməkçisi Georgi Satarovun dilindən "konstitusion quruluşu bərpa etmək" deyimini eşitmişdim. Bu deyimi ya Satarov, ya da Yeltsenin adminstrasiyası yaratmışdı ki, ordunun Qroznıya hücum çabalarına abırlı ad versin. Sonralar mən "konstitusion quruluşu bərpa etmək" adını başqa savaşlarla bağlı da eşitməyə başladım, hərçənd bu deyim "humanitar katastrof" qədər işlək olmadı.

Siyasətdə texnoloji termin


Problemə ad vermək baxımından etkili tapıntılardan birini Obamanın komandası hakimiyyətə gələn ilk gündən ortaya atmışdı "yenidən yüklənmə" ("restart", "перезагруска"). Hilları Klinton Lavrovla görüşəndə Rusiya ilə ilişgiləri necə quracaqları ilə bağlı icad edilmiş bu adı belə işlətmişdi: bizim Rusiya ilə münasibətlimiz yenidən yüklənməlidir. Termin kompüter texnolojisindən götürülmüşdü. Yenidən yükləmə normal kompüterə imkan verir ki, uğradığı əyintilərdən özünü düzəldib qurtulsun. Termin həməncə siyasətdə geniş istifadə olunmağa başladı.

(Bu yaxınlarda mən ədəbiyyatı abstrakt ideyaları, konkret isə, İnsan Haqlarını 3d formatına salan tekst adlandırmışdım. Bu baxımdan siyasi problemləri çözmək üçün aparılan danışıqları da 3d-ləşdirmək və ya 3d formatına salmaq adlandıra bilərik).

Adlandırmağın funksiyalarından


Siyasətdə problemə uğurlu ad verilməsi hansısa əngəlləyici anışmalardan (assosiasiyalardan), anlam çalarlarından qurtulmağa, hansısa assasaiyaları aktuallaşdırmağa imkan verir.

Rusiyada Dumada olan deputatların partiyalarına "sistemsal müxalifət" (və ya "sistemiçi müxalifət) deyilir. Uyğun olaraq o biri müxalifətin adı "sistemdışı müxalifətdir". Bununla tutuşduraq Azərbaycandakı termin yaradıcılığını. Parlamentdə olmayan müxalifət indiyənəcən "dağıdıcı", yaxşı halda "radikal müxaliət" adlandırılır.

Nəyə görə rus ixtirası bizimkindən üstündür? Ona görə ki rus siyasi dilində "sistemdışı" ("несистемный") müxalifət adında yersiz qəzəb, nifrət yoxdur, sanki fizik atomlardan, malekulardan danışır. Azərbaycan siyasi leksikonundakı "dağıdıcı müxalifət" isə hirsi, qəzəbi saçdırır. Belə münasibətlərə Uluslararası dil yaradıcılığında bir ad tapılıb "nifrət dili". İndi Batı intellektual texnolojisi bütün dünyaya aşılayır ki, siyasi ilişgiləri nifrət dilindən arındırmaq gərək.

Nifrət dilini bir az anladım. İnsanın yanıb-töküləndə söyüş söyüb ürəyini boşaltmasını hamı bilir. Sözlə, söyüşlə yandırıb yaxmağı da hamı bilir, hətta bunu hamı bacarmasa da.

Nifrət dili yandırıb yaxan, düşmənlə bağlı ürəyi boşaldan dildir. Ancaq bu dillə danışanda düşmənin heç tükü də tərpənmirsə, onda belə danışan kəs qıraqdan baxanlara gülünc görünür. Ermənistanda azərilər haqqında nifrət dilində yazılan çoxlu məqalələr var. Bizdə də az deyil. Bir-birimizi yandırıb-yaxmaq üçün bu dildə yazırıq, di gəl heç birimizin tükü tərpənmir. Deməli, nifrətimizi boşuna işlədirik. Əvəzində qıraqdan baxan uyqar (sivilizasiya) dünyasına vulqar görünürük.

Çağımızda nifrət dilində düşünüb yazmağa qarşı çoxlu konfliktoloji konfranslar keçirilir. Bu gün nifrət dilində danışan ulusların, siyasilərin reytinqi aşağı düşməkdədir. Onun üçün də məsələyə gələn yazımı həsr edəcəm.

AzNews.az