Kreml ciddi öhdəliklər götürdü

22 Avqust 2012 08:45 (UTC+04:00)



Bu gündən Rusiya ilə Ümumdünya Ticarət Təşkilatı arasında 20 il davam edən danışıqlar nəhayət ki, sona çatdı. AzNews.az pravda.ru saytına istinadən xəbər verir ki, bu gündən Ümumdünya Ticarət Təşkilatına üzv olan Rusiya bir sıra öhdəlikləri yerinə yetirməli olacaq. Əsas etibarı ilə Rusiya ölkəyə idxal olunan kənd təsərrüfatı və metallurgiya məhsullarına idxal rüsumlarını azaltmalıdır.


Bundan əlavə Rusiya təşkilata üzv olmaqla üzərinə digər öhdəliklər də götürür ki, bunların başında beynəlxalq sərmayənin ölkəyə rahat daxil olması gəlir. Artıq qərb investisyası 117 sektora rahat vəsait yatıra biləcək. Bu isə o deməkdir ki, Rusiya iqtisadi cəhətdən qərbin maraq dairəsinə daxil olur. Bu da iqtisadi müstəqilliyin itirilməsi ilə eyni anlama gəlir.

Qeyd edək ki, Rusiyada iqtisadçı ekspertlər ölkənin təşkilata üzv olması ilə bağlı birmənalı mövqedə deyillər. Belə ki, bir qisim mütəxəssis hesab edir ki, təşkilata üzvlük mal və xidmətlərin qiymətində ucuzlaşma yaradacaq və investisya mühitini yaxşılaşdıracaq.

Digər ekspertlər isə hesab edirlər ki, beynəlxalq investisya və malların ölkəyə maneəsiz daxil olması yerli şirkətləri çökdürəcək.Sonda qeyd edək ki, Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv olan 156-cı ölkə oldu və üzvlük prosesi ən uzun çəkən ölkələrdəndir.


Sadiq

AzNews.az