Yeni kitablar: “Qanun”un təqdimatında

8 Fevral 2014 17:00 (UTC+04:00)
Məşhur fransız diyetoloqu Pyer Dükanın "Mən arıqlaya bilmirəm" kitabı bu mövzuda yazılmış ən mükəmməl kitab hesab oluna bilər.


Müəllif bu kitabı yazarkən ondan əvvəl tətbiq edilmiş bütün pəhriz metodlarının mənfi və müsbət cəhətlərini nəzərə alıb, yanlışlıqları rədd, doğruları qəbul edib. Bütün əxz etdiklərini, məlumat və nəzəri biliklərini təcrübədə tətbiq edən və uğurlu nəticələr qazanan doktor Dükan bu kitabda artıq çəkidən əziyyət çəkən insanlar üçün ən uğurlu, ən ideal pəhriz üsulunu təklif edir.

Onun yalnız bir şərti var – təklif olunan rejimə yüzdəyüz dəqiqliklə riayət etmək. Həm də bu tələblər sadədir, həyata keçirilməsi çətin olan səviyyədə deyil. Dükan hansı ərzaq məhsullarını necə və nə vaxt, hansı kombinasiyalarda qəbul etməyin rəsmini çəkib.

Onun tətbiq etdiyi pəhriz sayəsində bir sıra dünya şöhrətli adamlar – Karl Laqerfeld, Cenifer Lopes, Penelopa Kruz, Jizel Bundhen kimi ünlü şəxslər və bütün dünya üzrə 15 milyon insan artıq çəkidən xilas olub.

"Mən arıqlaya bilmirəm" kitabı arıqlamaq istəyənlər üçün olduqca faydalı və əvəzsiz kitab "Qanun" nəşriyyatında çap edilib.

Nəşriyyatda oxuculara təqdim edilən daha bir yeni nəşr Amerika yazıçı-jurnalistləri Fletçer Nobel və Çarlz Beylinin qələmə aldıqları "Mayın yeddi günü" romanıdır. Roman siyasi detektiv janrının ən parlaq nümunələrindəndir. Bunu əsərin 50-dən artıq əcnəbi dilə tərcümə olunması, milyonlarla nüsxədə və təkrar-təkrar nəşr edilməsi də sübut edir. Romanda hadisələr Amerikada baş verir.


Pentaqon rəhbərliyinin ABŞ-da mülki hakimiyyəti ələ keçirmək
təşəbbüsü və kimlər tərəfindən bu niyyətin qarşısının alınması yolları əsərdə olduqca axıcı bir dillə təsvir edilmiş, hadisələrin dinamikliyi, dramatizmi çox gözəl işlənib hazırlanmışdır. Hiss olunur ki, bu roman bir o qədər də təxəyyül məhsulu deyil, Amerika tarixinin son 50 ilində baş vermiş hadisələrin bədiiləşdirilmiş təsviridir.

Əsərdə prezident Limenin obrazı parlaq işlənilib. Məhz bu siyasi liderin örnək fəaliyyəti nəticəsində ABŞ öz konstitusiyasından kənara saçmır və prezident təkcə baş verə biləcək dövlət çevrilişinin qarşısını almaqla kifayətlənmir, həm də başqalarına pis nümunə olmasın deyə, cəmiyyətin fikrində çaşqınlıq yaranmaması üçün onu müvəffəqiyyətlə ört-basdır edir. Artıq ana dilimizdə də dərc olunan bu kitabın oxucular tərəfindən seviləcəyi şübhəsizdir.

"Qanun" şəxsi inkişafa tuşlanan kitabları ilə tanınan Mümin Sekmanın 10-cu əsəri "Hər şey səninlə başlar" kitabını da təqdim edir.


Sosial uğura gedən yolları anladan kitabda yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və uğur qazanmanın necə öyrənildiyindən bəhs olunur. Əsərin təməlindəki sual budur: Nə üçün uğursuzluğa uğrayırıq? Çarəsizlik psixologiyasını necə yenməliyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğurlu insanların bildiyi və digərlərinin bilmədiyi nədir?

"Həyatda ya tozu dumana qatarsan, ya da tozu, dumanı udarsan. Seçim sənindir!" kəlamı ilə çıxan və uğuru öyrədən bu kitab özünün də uğur tarixçəsini yazıb. İlk nəşri 100 min tirajla çıxan əsər 2 ildə 500 min, 8 ildə isə 1 milyon oxucuyla görüşərək Türkiyədə rekord qırıb. Bununla da "Ən uğurlu uğur kitabı" adlanmağı haqq edib.

Etel Lilian Voyniç "Qırılmış dostluq" kitabında müəllif yenidən öz sevimli qəhrəman Ovoda müraciət edərək onun Cənubi Amerikadakı sərgüzəştlərini təsvir edir.


Roman ideya insanlarının birindən bəhs edir və enerji ilə aşıb-daşan bugünkü Azərbaycan gəncliyi üçün çox doğma olacağı şübhə doğurmur.

AzNews.az