Keçmiş prokurordan şok etiraflar

9 Fevral 2014 10:04 (UTC+04:00)
TƏQDİMAT: 87 yaşı var İdris müəllimin!!! Bu həmin İdris Əsgərovdur ki, 1995-cı ilin oktyabr ayında öz ərizəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunu tərk edəndə, dəyərini bilənlər, Baş Prokurorluqda işləyən dostlarım demişdilər: "Prokurorluğun dayaq sütunları uçdu".

Onun keçdiyi ömür yolunu təqdim edirik:


İdris Əsgərov Respublika Prokurorluğunda "ƏDALƏT"in mizan-tərəzisi idi. Respubublikanın əməkdar hüquqşünasıdır, SSRİ-nin Baş Prokurorluq orqanlarının ən nümunəvi xidməti işçisi kimi dəfəflərlə qiymətli hədiyyələr və fərmanlarla mükafatlandırılıb.

Hələ SSRİ dönəmində Azərbaycan Televiziyasında "Hüquq məsləhətxanası", "İnsan və qanun" verilişlərininn uzun zaman aparıcısı və şərhçisi olub. 21 yaşında Caparizde rayonunun prokuroru təyin edilib. Qərarını isə Mircəfər Bağırov imzalayıb. Ədalətin keşiyində dayansa da, gənc prokuror ilk dəfə özü ədalətsizliklə 1952-ci ildə üzləşib. Bu hadisənin

Təsnifatı


1927-ci ildə Gəncədə doğulub. Mollaələsgərlilər nəslindəndir. Bir yaş yarımında olarkən kənddə 45-46 baş qoyun-quzusu olan atası Qasım kişini ailəsi ilə birlikdə Qazaxıstanın Aral dənizində yerləşən Cəngi Paxta adasına sürgün ediblər. Anasının qucağında olan südəmər körpə bacısı vaqonda canını tapşırıb. Ananın əlindən uşağı alıb, boz səhralara atıblar, uşaq qurd-quşa yem olub. Bir müddət keçəndən sonra Qasım kişinin cəza müddəti sona yetib və ailə yenidən Gəncəyə qayıdıb. Amma kişi tezliklə dünyasını dəyişib.

... 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinin üçüncü kursunda oxuyan 21 yaşlı İdris Əsgərova dərs deyən Azərbaycan SSR-in Baş prokuroru bu cılız və çəlimsiz gənc oğlanın çox bacarıqlı və bilikli olduğunun fərqinə varır. Onun barəsində Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırova təqdimat verir. Bakının Caparidze rayonuna prokuror təyin etdirir. Özü o günləri belə xatırlayır:

"Tələbə idim. Respublika prokuroru mənim prokuror təyin edilməm haqqında Mircəfər Bağırova təqdimat yazmışdı. Büro çağırıldı. Büroda mənim məsələm də müzakirə olundu. Məni çağırdı. Baxdı mənə, eynəyini dəyişib, bir də baxdı. Bir zabitəli nəfəsi vurdu məni. Cavan oğlan idim. Dönüb prokurora baxdı və dedi: "Алиев… он слишком молодой, как у него башка будет работать?!" (Əliyev... o çox gəncdir.... onun başı necə işləyəcək?!). Əliyev də bir ibrətamiz xasiyyətnamə vermişdi mənim barəmdə. Və bu dəfə yenə başladı məni tərifləməyə. Belə olanda, Mircəfər Bağırov bir də üzünü Əliyevə tutub "Если он такой способный, давай тогда тебя снимим и его поставим на твое место" dedi. (İndiki bu belə bacarıqlıdır, gəlsənə səni çıxarıb, yerinə onu qoyaq). Otaqda ab-hava dəyişdi. Çünki Mircəfər Bağırov hər zaman gülümsəyən adam deyildi axı. Bir də eynəyini dəyişib, bu dəfə tərtəmiz Quba ləhcəsi ilə Azərbaycan dilində "ədə, səni rəhbər işə qoyuruq, get heç olmasa özünə bığ qoy, uşağa oxşayırsan. Heç olmasa kişiləş. Görürəm ki, cavabların yaxşıdır" dedi. Və bundan sonra düz 1952-ci ilə qədər Caparidze rayonunun prokuroru işlədim.

Bizim vaxtımızda dəyərlər başqa idi, insana əməyinə, istedadına görə qiymət verirdilər. İctimai qınaq, nəzarət var idi. 1952-ci ildə ildə məndən Mircəfər Bağırova anonim danos yazdılar ki, guya mən mülkədar oğlu ola-ola, şəxsi işimdə ailəmizi orta kəndli kimi göstərmişəm. Amma əslində ortabab kəndli idik. O zaman yataqxanada yaşayırdım. Məni yalançılıqda ittiham edən Hacı Rəhimov adlı Baş prokuror bildirdi ki, "atan mülkədar ola-ola bunu, dövlətdən gizlətmisən".

(İllər keçəndən sonra şərəf və ləyaqətini hər şeydən üstün tutan İdris Əsgərov müəyyən edəcək ki, ziyalılarımızın məhv edilməsində bu Hacı Rəhimovun böyük rolu olub).

Mircəfər Bağırov iclasda barmağını silkələyərək dedi: "Очистите органы от социально чужых элэментов". "Və bir az keçmiş öyrəndim ki, mənim işdən çıxarılmağımda Yemelyanov familiyalı Dövlət Təhlükəsizlik Komitəsi sədrinin böyük "xidməti " olub".

İstintaq


"Mən bunları bilmirdim. Durub getdim Gəncəyə, anamın yanına. Və anamı dindirdim. Bu o vaxtlar idi ki, insanlar olub-keçənlər, başlarına gələnlər haqqında heç nə danişmirdilar. İnsanların qəlbində bir xof var idi. Sürgün əhvalatını ağlaya-ağlaya danışdı və qeyd etdi ki, atanın kim olmasını Aşıq Ələsgər məndən də yaxşı bilir. 1926-ci ildə nəşr olunmuş Aşıq Ələsgərin kitabını verib dedi ki, oxu, burda atan və əmin haqqında xeyli şeir var. Sözün düzü bu əhvalatı araşdırana kimi atamı ürəyimdə qınayırdım. Bu söhbəti eşidəndən sonra atamın qəbri üstünə gedib, ondan üzr istədim.

Anamla danışandan sonra öz kursumu müəyyən etdim. Nəyin bahasına olursa-olsun, atamı təmizə çıxarmaq üçün, pozulmuş haqqımı, ədaləti bərpa etmək üçün mübarizəyə başladım. 1952-ci ildə getdim Moskvaya, SSRİ-nin Baş prokurorunun qəbuluna. Və mən onunla ilk görüşümdən sonra atam üçün bəraət aldım. Bundan sonra öz işimə bərpa olunmaq üçün bəraət aldım. Artıq 1953-cü il idi.

Elə bil həyat gəncliyimdən mənə dərs verdi ki, ƏDALƏTLİ olmaq lazımdır. Ona görə harada oldumsa, hər işin ədalətlə həll olunmasına çalışdım".

Azərbaycan prokurorluğunun ƏLİFBASI


İdris Əsgərov 1953-cü ildən sonra prokurorluq orqanlarında çalışır. İşlədiyi müddət ərzində ədalətin tərəfində olduğundan ona "sözə baxmayan" adı da qoymuşdular. Hey çalışdılar ki, qaralasınlar, işində nəsə səhv tapsınlar, tapmadılar!!! Çünki Azərbaycan Prokurorluq orqanlarının əlifbası idi İdris müəllim. Onun üçün qanun şah oldu, şah qanun olmadı. Bu "sözə baxmayan" prokurorluq işçisini paytaxat Moskvada da əqidəsinə görə yaxşı tanıyırdılar. Çünki ƏDALƏTi bərpa etmək üün özündən böyüklərin və vəzifəlilərin əleyhinə çıxırdı. Deyir ki, ədaləti, haqqı hər zaman o adam pozur ki, onun əlində hüquq var. Qanunsuzluq edən ya nazir olur, ya da ki, idarə müdiri... Çoban kimin ədalətini pozacaq ki?

Birinci dəfə SSRİ Baç prokuroru Roman Anatolyeviç Rudenkonun qəbuluna Azərbaycanda və SSRİ-də səs-küy doğuran iki cinayət işinə görə gedir.

1-ci hadisə: Zorlanmış qız üçün bəraət


"... Azərbaycanın rayonlarının birindən Bakıya ali məktəbə təhsil almağa gələn gənc bir qız, arzusunu reallaşdıra bilmədiyindən Bakıda qalmağa üstünlük verir. Zavodların birində işə düzələrək, qızlar yataqxanada yaşayır. İsti yay günlərinin birində iş növbədəsindən gəlib, otağında yarıçılpaq halda yatır. Bu zaman rus milliyyətindən olan bir elektik mərtəbələrdə təmir işi ilə məşğul olur. Qızın otağının yarıaçıq qapısından onu görür və naqafil qıza hücum edərək, zorlayır.

Bu zaman qız özünü müdafiə etmək üçün, elektrikin əlindən düşən bıçaqla aşağıdan yuxarı vuraraq öldürür. Hüquqda son zərurət, zəruri müdafiə deyilən bir hal var. Gərək güclə müdafiə və itki ilə müdafiə bərabər olsun. Burda da itki insan həyatıdır. Müdafiə qızın bəkarətidir. Bunları tərəziyə qoyanda gərək bərabərlik yaranaydı. Mən qərara gəlidim ki, qız düz edib. İşi xətm elədim. Belə olduqda öldürülən şəxsin adamları mənimlə razılaşmadılar. Bu işi milli-ayrı seçkilik kimi qələmə vermək istədilər. Sonra cinayət işi barədə Moskvaya - Mərkəzi Komtəyə yazdılar ki, Azərbaycanda ölənin qanını batırırlar.

Rudenko ərizə ilə tanış olub, məni çağırtdırdı. Bu hadisədən bir- iki ay qabaq, azərbaycanlı başqa bir qızı da zorlamışdılar. Mən həmin qızın məktubunu notariusda tərcümə etdirib, özümlə götürdüm. Qəbulda Rudenkoya xətm verdiyim cinayət işi barədə məruzə edib, digər qızın məktubunu da verdim oxudu.

Qeyd etdim ki, Azərbaycanda zorlama cinayəti insanın həyatını itirməsinə, ölməsinə bərabərdir. Məni dinləyib, əlini başına qoydu və barmaqları ilə döyəcləməyə başladı. Bir də məktuba baxıb və məndən soruşdu ki, qız ölübmü?! Cavab verdim ki, əlbəttə, özünü yandırıb. Bir qədər fikrə gedib, istintaq idarəsinin rəisinə göstəriş verdi: "Yazın ki, həmin cinayət işi haqlı olaraq xətm edilib".

2-ci hadisə: Qana vətəndaşını öldürən yəmənli və ... mükafat


"Payız günlərinin birində Nərimanov rayonundakı stadionun yaxınlığında bir Qana vətəndaşı öldürülmüş, heç bir iz və şübhə yaradan hal müəyyən edilməmişdi. Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin əməli məlumatları deyirdi ki, bu məsələdə Yəməndən olan, Azərbaycanda təhsil alan İsmayıl adlı tələbənin əli var, lakin sübut yoxdur. Aləm qarışıb bir-birinə. 60-cı illərdir. Xarici tələbələr üsyan edirlər, dünyaya xəbərlər yayırlar ki, Azərbaycanda xarici tələbələri öldürürlər.

Məcbur olub əməli məlumatlar əsasında İsmayılı aldım həbsə. Lakin təlimatları sübut növünə çevirə bilmirik. Şübhəli qismində saxlanılan İsmayıl heç cürə boynuna almır. Fikrimdə də budur ki, kamerada onun yanına adam saldırıb, sözü alacağam. Təbii ki, Moskva da cinayəti açmaq üçün bizi tələsdirir. Belə günlərin birində məni yenə də işi məruzə etmək üçün SSRİ-nin Baş Prokurorluğuna çağırdılar. Vodolazski soyadlı idarə rəisi İsmayılın azad olunmasını təklif etdi. Rudenko çox əsəbi halda: "Əlbəttə, mən bu işə görə Qana hökumətindən və Xarici İşlər Nazirliyindən üzr istəyəcəm, lakin sizin ikiniz də cəzalanacaqsınız".
Bilirdim ki, işin üstü açılmasa, məni ən azı yağlı bir töhmət gözləyir.

Rudenko ilə görüşümüzün üstündən 10-15 gün keçmişdi. Bir də gördüm ki, respublikanın o vaxtkı Baş prokuroru Qamboy Məmmədov zəng vurub dedi ki, dustaq səninlə görüşəmək istəyir. Gəl onu Baş Prokurorluqda dindir, başqa yerə aparma. Sonra o da söz-söhbət olar. Gəldim Sirotkin var idi, onun kabinetinə. Bu İsmayılla da 10-15 dəfə görüşmüşəm və ona bildirmişəm ki, bu cinayətə görə 20 il cəza müddəti nəzərdə tutulur, əgər könüllü olaraq cinayətini boynuna alarsa, ona kömək etməyə çalışacağam.

Qana vətəndaşını öldürdüyü bıçağın və həmin gün əynində olan gödəkçənin yerini dedi, biz vertolyotla Naxçıvana uçub, dediyi ünvandan həmin maddi sübutları gətirərək, istintaqı bitirdik. Qamboy Məmmdəovla danışdım ki, buna söz vermişəm. O işə görə Azərbaycan Respublikanın Ali Məhkəməsinin sədri Abdulla İbrahimovla danışdı. Hər iki xarici vətəndaşın barəsində olan cinayət işinin məhkəmə prosesinə dövlət ittihamçısı qismində Qamboy Məmmədov özü iştirak etdi. Abdulla İbrahimovun sədirliyi ilə müqəssir 7 il müddətinə azadlıqdan məhrum edildi. Bu cinayət işinin yekununda Rudenkonun xüsusi əmri ilə 1 aylıq əlavə maaş və hədiyyələrlə təltif olundum".

"Rudenko "Mircəfər Bağırov kişidir" dedi"


"Stalin ölmüşdü, Mircəfər Bağırovu ittiham edirdilər. Məhkəmə qurulmuşdu. Ən maraqlısı odur ki, Mircəfər Bağırova əvvəlcə RSFSR-in cinayət Məcəlləsi ilə ittiham vermişdilər. Sonra ayıldılar ki, düz etməyiblər və çevirdilər Azərbaycan SSR-in Cinyaət Məsəlləsinə. Onun işinin məhkəməsində Roman Rudenko dövlət ittihamçısı idi. Adil Babayev adlı Baş prokuror var idi. Bir çox məqamları müzakirə etmək üçün fasilə zamanı onun otağına yığışırdıq. Rudenko otaqda o baş-bu başa var-gəl edirdi. Birdən üzünü Adil Babayevə tutub:

- "Что означает слово "киши" - ("Kişi" sözü nə deməkdir?).
Adil Babayev cavab verdi ki: "мужчина" (kişi).

- Я понимаю, я мужчина, ты мужчина, ну и что?! (Mən başa düşürəm, mən kişiyəm, sən kişisən, bəs sonra?!)

O vaxt ölkədə Mircəfər adını çəkmirdilər, "kişi" deyirdilər. Söhbətin nədən getdiyini anlayan Adil Babayev:

- Это означает мужество, принципиальность, строгость… (Bu, kişilik, prinsipiallıq, zəhmlilik deməkdir...)

Rudenko, sonra pəncərəyə tərəf getdi. İnanın Allaha ki, öz qulaqlarımla eşitdim. Bir azca dayanıb, dodaqaltı mızıldandı:

- Это другое дело. Действительно, он киши!!! (Bu başqa məsələ. O həqiqətən də, kişidir)

Halbuki, Rudenkonun dövlət ittihamçısı kimi çıxdığı həmin məhkəmədə digər müttəhimlər onun üzünə durdular ki, biz bütün əməlləri Bağırovun göstərişi ilə eləmişik. Rudenko məhkəmənin sonunda Bağırova ölüm cəzası tələb etdi. Mircəfər Bağırov son sözünü belə bitirdi:

- Да, я виноват, в том что, поверил этим псам. Из- за это меня не расстрелять, а четвертовать надо. (Bəli mən günahkaram. Ona görə ki, bu tulalara inanmışdım. Buna görə məni güllələmək azdır, məni şaqqalamaq lazımdır).

Roman Rudenko onlara güllələnmə tələb edəndə kənardan mən də dinləyiçi kimi baxırdım, zalda bir tərəfdə başladılar əl çalmağa, baxdım ki, bu əl çalanlar, bir vaxt Bağırovun çıxışlarını sürəkli alqışlarla müşaiyət edənlərdir. Mən bunun şahidi olmuşam. Ona güllələnmə cəzası oxuyanda, son sözünü dedi və əlavə etdi ki, bəlkə bundan sonra o biri dünyada rahat ola bilər. Məhkəmə istintaqı zamanı Rudenkonun ona ünvanladığı maraqlı suallardan biri də Səməd Vurğunu öldürmək istəməsi ilə bağlı ittiham idi. Həmin ittihamı rədd edərək, Rudenkoya cavab verdi:

- Вы плохо разобрались, этот негодяй Баграмян принес мне справку, что он виноват, а я резолюции не поставил. Если я хотел бы, убедился бы, его не было бы сейчас. (Siz yaxşı araşdırmamızınız. Bu alçaq Baqramyan mənə onun günahkar olması barədə arayış gətirdi. Mən arayışın üstünə dərkənar yazmadım. İnansaydım, yazsaydım, indi o sağ olmazdı.)

Mircəfərin məhkəməsində onunla birlikdə 6 nəfər müqəssir var idi. Biri Atakişiyev adlı azərbaycanlı, Qriqoryan, Baqramyan, Yemelyanov və digərləri də xristian idilər. Yemelyanov və Atakişiyevi 25 il müddətinə azadlıqdan məhrum etdilər...

Bu həmin Yemelyanov idi ki, Mircəfər Bağırovun vaxtında Azərbaycan SSR DTK-sının sədri idi. 25 yaşımda məni Caparidze rayonunda prokurorluqdan işdən azad edəndə məruzə edərək demişdi ki, gənc İdris Əsgərov, hamıını aldadaraq, prokurorluq orqanlarına və partiya sıralarına soxulub. Allah göydən baxır da. İllər keçdi. Mən bərpa olundum.

Yemelyanovun həbsindən 10 il keçmişdi. Nərimanov rayonunda prokuror idim. Bir gün Nərimanovun məhkəməsinin sədri Anonyan mənə zəng vurub dedi ki, "İdris Qasılmoviç bir məsələ var, Yemelyanov adlı bir vətəndaş cəzasını çəkib, indi gəlib bizdə, cəzasının qalan hissəsini çəkməlidir, istəyir ki, məhkumluğu vaxtından əvvəl götürülsün". Ələrimi yuxarıya qaldırıb dedim: "Şükür sənə Allah!!!". Anonyana dedim ki, mən belə hesab edirəm ki, bu işə razılıq verməyə heç bir hüquqi əsas yoxdur. Anonyan da cavabında dedi ki, "əgər siz razı deyilsinizsə, mən də razı deyiləm".

Qəbul günlərinin birində prokurorluqda şikayətçiləri qəbul edirəm. Bir də gördüm ki, qəbula yazılanların sırasında bu Yemelyanov da var. Az qala əyilmiş, üzü yaltaq bir ifadə almış halda, əli sinəsində içəri girib, salam verdi. Üzündən yaltaqlıq töklürdü. Başladı özünü tərifləməyə... Mən də buna qulaq asıram. Bu sifəti ilə mənim barəmdə qərar verən sifətini müqayisə edirəm. Dedi "mənə bu ittihamla yaşamaq ağırdır, gəlmişəm, ki, mənə kömək edəsiniz". Dedim yox, gedin, məhkəməyə müraciət edin. Ölü kimi çıxdı. Bir vaxt mənim üçün fərman verən, qarşımda indi gör nə günə düşmüşdü... Allah mənə ədalətsiz hökm verənin cəzasını vermişdi".

2 kilo yarım un... köməksiz qadın... və qərəzli müzakirə


- Danışdığınız o müharibədən sonrakı vaxtlarda əsasən hansı cinayətlər törədilirdi?! Kimlər məhkum olunurdu?

- Bir dəfə də belə bir hadisə olmuşdu. 1960-cı illərdə çörək qıtlığı oldu. Dövran insanları çörəklə imtahana çəkirdi. Bir cavan gəlin, mühəndis, işlədiyi çörək zavodundan 2 kilo yarım unu apararkən, protokol tərtib edib, onun həbs edilməsi barədə qərar çıxarmışdılar. Mən həmin gəlinin iş yerinə xəbərdarlıq edilməklə, töhmət verilməsi barədə qərar verdim. O zaman partiya-dövlət nəzarət komitəsi fəaliyyət göstərirdi. Bu komitə bütün təkilatlara, hətta partiya, sovet, prokurorluq orqanlarına da nəzarət edirdi. Onun növbəti iclasında çörək məsələsində yaranmış çətinliklər müzakirə edilirdi. Bu çətinliklərin yaranması səbəblərindən biri kimi, hüquq-mühafizə orqanlarının zəif fəaliyyəti əsas gətirilirdi. Misal olaraq, həmin qadının cinayət işindən danışdılar.

Mən öz çıxışımda qadının hərəkətində cinayət tərkibinin olmadığını göstərərək, düzgün qərar qəbul etdiyimi dedim. Bakı Şəhər Komitəsinin sədri Əli Kərimov əsəbi halda "cinayət başında tutulmuş qadını müdafiə edirsiniz" dedi. Mən isə cavabında "az əhəmiyyətli qanun pozuntuları olmadığı haqqında cinayət məcəlləsinə istinad edildikdə, qadının günahını bağışlamaq olar" dedim. Kərimov əsəbi halda "keçin oturun!" dedi. Bundan sonra bu adam mənə qarşı ədalətsiz mövqe tutdu.

"Peşiman deyiləm, şübhəliyəm..."


- Ötən illərinizi vərəqləyəndə hər hansısa bir iş barəsində çıxardığınız qərardan narahatçılığınız varmı?

1-ci hadisə: Rənglənmiş pullar.... və cinayət edən tələbəlik dostu


- 1962-63-cü illər idi. Nərimanov rayonuna yenicə prokuror təyin edilmişdim. Bir kişi öz qızı ilə qəbuluma gəlmişdi. Şikayət edirdilər ki, bir sənədi təsdiqləmək üçün notariusa müraciət ediblər. Lakin notarius qızdan rüşvət və həm də onunla cinsi yaxınlıqda olmağı tələb edir. Qızın atası deyirdi ki, ya özünü, ya da həmin notariusu öldürəcək. Şikayətin ciddiliyini nəzərə alaraq, öz köməkçilərimdən birinə və milis işçilərinə göstəriş verdim ki, əməliyyat keçirilsin. Hal şahidlərinin iştirakı ilə pullar rəngləndi, protokol tərtib olundu. Əməliyyat başlandı. Əməliyyat nəticəsində notarius cinayət başında yaxalandı.

Əməliyyatçılar qızdan tələb etdiyi pulu onun cibindən çıxardılar. Bir qədər əvvəl cinayət başında yaxalanmış notariusu mənim otağıma gətirəndə, sözün əsl mənasında şoka düşdüm. Çünki tutulan şəxs düz 5 il universitetin Hüquq fakultəsində mənimlə oxuyan, yaxşı münasibətdə olduğumuz "M" adlı bir şəxs idi. Notarius, keçmiş tələbə yoldaşım yalvarışlı tərzdə "İdris, mənə kömək elə" deyə müraciət etdi. Cinayət başında yaxalanmış şəxsə necə kömək etmək olardı?! Ona belə cavab verdim:

- Gəl, keç otur mənim yerimdə, necə kömək etməyi mənə öyrət.

Hər dəfə xatırlayanda, tələbə yoldaşımın bu faciəli həyatı indi də məni düşündürür.

2-ci hadisə: Milli kökündən ayırdığım azəri qızı


- Bir qərar çıxarmışam ki, onun hələ də narahatçılığını çəkirəm. Peşiman deyiləm, şübhəliyəm. Əhvalat belə olmuşdu. Bir qadın gəldi ki, "mənim uşağım olub, 1 yaşında vermişəm yetim evinə. Sonra çətinliyim olub, götürməmişəm. Sonra da 10 il məhkumluğum olub, indi də istəyirəm ki, uşağı qaytarsınlar özümə, uşaq evindən vermirlər. Deyirlər ki, uşaq övladlığa götürülüb".

Bu məsələ ilə bağlı uşaq evinin direktorunu çağırdım, məlum oldu ki, 10 il əvvəl həmin qızı Gürcüstana veriblər. Soruşdum ki, azərbaycan uşağını niyə başqa milətə verirsən?! Dedilər ki, həmin qanunvericilikdə belə məhdudiyyət nəzərdə tutulmayıb. Övladlığa götürülmənin bütün məxfilik qaydalarına riayət edilməklə, həmin gürcüləri Tiflisdən çağırtdırdım, gəldilər, yanlarında da 13 yaşlı bir qız, tipik gürcü qızı. Gürcü dilində danışır. Soruşuram ki, ədəbiyyatdan nə bilir?! Şota Rustavelidən danışdı. Dedim Nizamidən nə bilirsən, dedi ki, o kimdir. Ata profesor, ana da həkim. Ailə yaxşı ailədir.

Gürcü qadın dedi ki, əgər bu uşaq ondan alınarsa, özünü həmən öldürəcək. Baxdım ki, bu ailə uşağa vurğundur. Bu nəticəyə gəldim ki, uşaq qalsın bu ailədə. Ona görə ki, qadın türmədən çıxıb, indən sonra uşağı necə uyğunlaşdıracaq özünə?! O qərar indiyəcən məni incidir, ona görə ki, bir azəri qızının milli kökdən ayrılmasına qərar vermişəm.

- İdris müəllim, Siz heç rüşvət almadınız?!


- Mənim barəmdə heç kəs əlini qaldırıb deyə bilməz ki, rüşvət təklif etdi və ya aldım. Nərimanov rayon prokurorluğunda işləyəndə bir zavod direktorunun ev məsələsinin haqlı olaraq onun xeyrinə həll olunmasına kömək etmişdim. Bir gün gördüm ki, gəlib qəbuluma. Elə bildim yenə nəsə xahiş edəcək. Baxdım ki, stolun üstündəki kitabların arasına konvertdə nəsə qoydu.

Dedi ki, bu şirinlikdir. Üstünə çımxırıb, qoyduğu konverti geri götüzdürdüm. Və o adam sonralar çox yüksək vəzifələrdə çalışdı. İnanın ki, nə zaman üz-üzə gəlirdiksə, elə bil ki, həmin etdiyi hərəkətin xəclətini çəkirdi. Rüşvətxorluq pis adətdir, adamı başıaşağı, gözü qıpıq edir.

- 1995-cı ilin oktyabrına kimi Azərbaycan Respublikasının Baş Prokurorluğuna Nəzarət Təşkilat İdarəsinin rəisi işlədiniz. Sizi yuxarı vəzifəyə çəkmədilər. Ancaq hər zaman əməyinizdən, savadınızdan, biliyinizdən, təcrübənizdən faydalandılar. Neçə Baş prokuror dəyişdiniz?


- Yuxarılara rəva görmədilər. Dedilər ki, sözə baxan deyil. Hər zaman belə təkliflər oldu, lakin etiraz edənlər tapıldı. Hər zaman insanların ədalətini, haqqını bərpa etmək üçün özümə yuxarılardan düşmən qazandım. Buna görə istəməyənlərim, sevməyənlərim oldu. 14 baş prokurorla işlədim. İlyas İsmayılov, Qamboy Məmmədov, Əlabbas Əliyev... Onlar çox ədalətli və savadlı prokurorlar idilər. Öz xahişimlə işdən çıxmağım da belə oldu:

1994-cü ilin oktyabrın 4-də Azərbaycan Baş Prokurorluğuna basqın elədilər. Basqın edən də rayon prokuroru idi. Gəldi mənim otağıma girdi, dedi "ağsaqqal, sən mənim ölmüşüm, sən mənim canım, maşın qapıdadır, gəl otur maşına get, mənim bunlarla işim var". Dedim "ə, sabah mən xalqa nə deyim ki, silah altında qoydum kollektivi, getdim?!". Dedi, "yox arxayın ol, elə bir şey olmayacaq". O vaxt 15 dənə təzə maşın verilmişdi prokuraturaya. Onların hamısını güllələmişdilər. Çox böyük ziyan vurulmuşdu prokurorluğa. Baş prokuroru döymüşdülər. Ondan sonra gördüm bunların haqqında cinayət işi qaldırılıb, bunlar açıqda gəzirlər. Ancaq prokuraturadan başqa adamları işdən çıxardırlar. Bir dənə ərizə yazdım ki:

"Baş vermiş hadisələr və kütləvi kadr çıxarışı məndə belə bir təsəvvür yaratdı ki, prokurorluq öz fəaliyyətini düzgün həyata keçirə bilməyəcək. Belə təşkilatda mən prokuror işləyə bilmərəm. Kollektiv və Sizlə xoş arzularla ayrılıram".

Beləcə çıxdım işdən. Sonra Bakı Dövlət Universitetdən təklif gəldi. Cinayət hüququndan dərs demək istədim. Çünki bu sahəni əla bilirəm. Professor Yusif Mehdiyev var idi. O xahiş etdi ki, gəlin mülki hüquqdan bizdə də dərs deyin. Bir xeyli işlədim. Mülki hüquq üzrə kitablar yazdım. Mülki hüquq kafedrasında da yaxşı bir kollektivlə həvəslə çalışdım.

- Sizdən dərs alanlar içərisində həqiqi hüquqşünaslar yetişdimi?


- Bir pis cəhət var idi ki, orada rüşvətxorluq var idi. Bəzi müəllimlər pul alıb qiymət yazırdılar. O da çox pis şeydir. Ata rüşvət verir ki, mənim uşağımı savadsız elə. Bu çox təhlükəli işdir. Bir dəfə dövlət imtahanı idi. Mən də komissiyanın üzvü idim. Dedilər ki, uşağın atası müxalifətdədir. Ona qiymət yazmaq istəmirdilər. Uşağa dedim çıx bayırda gözlə, onlara üzümü tutub dedim ki, ata üstündə mən əziyyət çəkmişəm, indi bu uşağın atası nəsə eləyib, deyək ki, atası lap julikdir, tələbə ki, oxuyan uşaqdır. Bunun günahı nədir? Uşaq gəldi, imtahan verib, "əla" qiymətini alıb, getdi. Stalinin bir deyimi var idi: Ata oğula görə cavabdeh deyil.

Bir dəfə universitetdə elmi şurada dedim ki, mənə belə məlumat çatır ki, müəllimlər burda rüşvət alır. Lakin mən inanmıram ki, müəllim əlini uzadıb tələbədən rüşvət ala bilər. Fikirləşirəm ki, cinayət hüququ müəllimi əlini uzadıb rüşvət alsa, sabah o tələbəyə sual düşsə ki, rüşvət cinayəti nədir?! O tələbə müəllimə deməzmi ki, mən praktiki halda bunu bilirəm. Biabırçılıq idi. Ona görə də bu gün diplomlu, lakin savadsız hüquqşünaslar da olur.

- Bundan sonra yaxşı hüquqşünaslar yetişəcək?


- Yaxşı hüquqşünas olmaq üçün gərək oxuyasan. Təkcə hüquq ədəbiyyatı yox, bütün ədəbiyyatları - ədəbiyyatı, fəlsəfəni, iqtisadiyyatı... məhkəmə tibb ekspertizasını bilmək lazımdır. Bir sözlə hər sahə ilə tanış olasan gərək. Dünya görüşün əhatəli olsun gərək. Mütaliə etmək lazımdır.

- İdris müəllim, 1998-ci ilin yanvar ayı yadıma gəlir. O zaman rəhmətlik prezident Heydər Əliyev ölüm hökmünün ləğvi barədə qərar verdi. Siz yaman sevinirdiniz.


- Sovetin vaxtında zaman-zaman güllələnmə cəzalarını ləğv edib, yenidən qüvvəyə mindiriblər. Müharibədən sonrakı ilk quruculuq illərində "Sosialist Mülkiyyətinin müdafiəsi haqqında güllələnmək cəzasını" tətbiq etdilər. Qanunun keşiyində durduğum bütün fəaliyyətim boyu güllələnmə cəzasıının əleyhinə oldum. Sovet vaxtı da yazırdım, çıxış edirdim ki, güllələmək cəzası ləğv edilməlidir. Cəza verilməlidir. Cəza insanı tərbiyə etmək üçündür. Onu öldürməklə tərbiyə etmək olmur.

Məqalələrimin əleyhinə çıxan yaltaqlar da var idi. "Ölüm cəzası" ləğv olunanda çox sevindim ki, bu arzuma çatdım. Hətta mətbuatda "Ölüm cəzası ölümə məhkum edildi" başlıqlı məqalə də yazdım.

P:S. Bu sətirlər isə İdris Əsgərova ünvanlanmış təbrik məktubundandır:

"Sizi həyatını qanunçuluq və ədalətin təntənəsinə, prokurorluq orqanlarının nüfuzunun, cəmiyyətimizin hüquq mədəniyyətinin yüksəlməsinə, milli dəyərlərimizin qorunub saxlanmasına həsr etmiş bir ziyalı kimi 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü və ölkəmizdə prokurorluq orqanlarının təşəkkül tapmasının 93-cü ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Vətənimizin və xalqımızın qarşısında göstərdiyiniz, hər bir prokurorluq işçisi üçün örnək ola biləcək fədakar xidmətlərə görə Sizə dərin təşəkkür bildirirəm".
Azərbaycan Respublikasının Baş prokuroru Zakir QARALOV.