Prokurorluq Misir Mərdanovun dindirilməsindən danışdı - Rəsmi

9 Fevral 2014 18:18 (UTC+04:00)
"Saxta diplomlarla əlaqədar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov söyləyib. "Sabiq təhsil naziri Misir Mərdanov və millət vəkili Aqiyə Naxçıvanlının Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması və ifadələrinin alınması ilə əlaqədar bəzi KİV-də yayılan məlumatlar isə həqiqəti əks etdirmir",- deyə Eldar Sultanov vurğulayıb. Xatırladaq ki, kütləvi informasiya vasitlərində "saxta diplom" qalmaqalı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılan cinayət işi ilə bağlı sabiq təhsil naziri Misir Mərdanovun və Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlının istintaqa dəvət olunacağı barədə məlumat yayılıb. Qeyd edək ki, Azərbaycan Müəllimlər İnstitutunun filialları və Gəncə Dövlət Universiteti tərəfindən verilən saxta diplomlar aşkarlanıb. Məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi istintaq başlanıb.(ANSPRESS)