Mühacir jurnalistdən məşhur “üçlüyə” sərt ittihamlar

10 Fevral 2014 10:34 (UTC+04:00)
Hollandiyada yaşayan mühacir jurnalist, Demokratik Azərbaycan Hərəkatının koordinatoru Fikrət Hüseynli Elşad Abdullayev, Rəsul Quliyev və Hüseyn Abdullayevin ünvanına sərt ittihamlar səsləndirib.




Azərbaycandakı aksiyalar zamanı həbs edilənlərin ailələrinə yardım kampaniyası təşkil edən F.Hüseynli AzNews.az-a bildirib ki, kampaniyaya qoşulmaq üçün hər 3 şəxsə müraciət etsə də, onlar bu müraciətə heç bir reaksiya verməyib:

"Elşad Abdullayev reaksiya verdi. O da yazdı ki, guya mən onu siyasi məhbuslara yardım kampaniyasına pul almaq üçün şantaj edirəm. Digərləri nəinki reaksiya verdilər, əksinə hətta bu məsələyə görə mənə hücumlar da təşkil etdilər. Müxtəlif adamları öyrədib haqqımda qıcıqlandırıcı statuslar yazdırdılar. Çalışırdılar ki, kampaniya gözdən düşsün".

3 məşhur mühacirin bu mövqeyinin səbəbinə gəlincə, F.Hüseynli maraqlı fikirlər səsləndirib:

"Əsas məqsədləri də odur ki, pul verməsinlər. Məsələn, Avropada çox sayda ADP-cinin olmağına baxmayaraq, belə kampaniyalara biri də qoşulmur. Elşad Abdullayev Fransada sürücü və mühafizə ilə gəzir. Onlara maaş verir. Müxtəlif xarici ölkələrdə biznesi var. Hüseyn Abdullayev Frankfurtda ev alıb və biznesi var. Rəsul Quliyevin Avropada biznesi, Amerikada şəxsi villası var.

Yəni bu insanlar üçün hətta 10 min avro yardım etmək böyük bir problem deyil. Söhbət belə kampaniyalarda adlarının hallanmasını istəməmələrindən də getmir. Onlar belə düşünürlər ki, əgər kimsə sırf onlara görə həbs edilibsə, ancaq ona yardım edə bilərlər. Müsavatçı, cəbhəçi və ya nidaçı həbs olunubsa, yardım etmirlər. Çünki bu adamlarda hələ də tayfa, sekta təfəkkürü var.

Bu adamlar ümumiyyətlə, nəinki siyasi məhbuslarla bağlı, müxalifətlə əlaqəli, heç Azərbaycanın ümummilli problemlərində də görünmürlər. Sual edirəm, Rəsul Quliyevi ABŞ-da olduğu 18 ildə bir dəfə Xocalı və ya 20 yanvar tədbiri təşkil etdiyini görən olubmu?

Bir dəfə bu adamın bu problemləri ABŞ-da kənd bələdiyyəsi səviyyəsində tədbirlə andığını eşidən olubmu? Bütün günü millətə ağıl verir, xalqı zəiflikdə suçlayır. Lakin xalqın ümummilli problemində belə ortada görünmür. Bu da onu deməyə əsas verir ki, bu adamlar Avropa və Amerikaya öz sərvətlərini leqallaşdırmaq üçün gediblər. Çünki başqa cür oturum almaq imkanları çox azdır".


Elnarə
AzNews.az