Ötən il 2.4 faiz infilyasiya olub- Baş bankir

10 Fevral 2014 11:28 (UTC+04:00)

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

O vurğulayıb ki, ötən il ölkə iqtisadiyyatı 5.8% artım nümayiş etdirib və qeyri-neft iqtisadiyyatında artım 10% təşkil edib.

Mərkəzi Bank da ölkədə gedən möhtəşəm quruculuq və inkişaf strategiyasının reallaşmasında fəal iştirak etmək məqsədilə iqtisadi adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə edərək öz siyasətini tarazlı inkişafın vacib şərtləri olan makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəltməklə 2013-cü ildə aşağı inflyasiya, sabit məzənnə, bank-maliyyə sektorunda dayanıqlıq kimi mühüm hədəflərə nail olunub, ölkədə maliyyə vasitəçiliyi genişlənib və şaxələnib. 2013-cü ildə orta illik inflyasiya Mərkəzi Bankın hədəflədiyi diapazonun ortadan aşağı həddində - yəni 2.4% olub.

Mərkəzi Bank 2014-cü ildə də Mərkəzi Bank inflyasiyanın daha çevik idarə olunmasına imkan verən pul siyasəti rejiminin tətbiqi şərtlərinin reallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək. Orta müddətli dövrdə bu şərtlərin tədricən həyata keçməsi daha çevik məzənnə rejiminin tətbiqi imkanlarını artıracaq.

Bütövlükdə, Mərkəzi Bank 2014-cü ildə pul siyasətini iqtisadi artım və qiymət sabitliyi arasında effektiv şəkildə tarazlaşdırmağa çalışacaq, habelə maliyyə sektorunun hərarətini tənzimləyəcək.

E.Rüstəmov onu da qeyd edib ki, iqtisadiyyatda şaxələnmə proseslərinə dəstək vermək üçün bank sektorunun maliyyə vasitəçiliyinin, habelə maliyyə infrastrukturunun inkişafını təşviq etməklə Mərkəzi Bank hökumətin iqtisadi siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edib. Bank sektorunda riskləri və izafi hərarətlənməni tənzimləmək üçün maliyyə sabitliyinin idarə olunmasının çevik alətləri tətbiq olunub, nəticədə, iqtisadiyyata yeni verilən kreditlər üzrə orta faiz dərəcələri əhəmiyyətli enməyə başlayıb.

Amid
AzNews.az