Aeroportda turistlər üçün yenilik

10 Fevral 2014 17:00 (UTC+04:00)
Dubay aeroportuna gələn əcnəbilərin müvafiq ünvana çatdırılmasına ölçüsü genişləndirilmiş yeni taksilər cavabdeh olacaq, çünki köhnə taksilər artıq bu işin öhdəsindən gələ bilmir. Gələnlərin 75 faizindən çoxu standart minik avtomobilinə yerləşmir və miniven tələb edir.

Trend-in məlumatına görə, bu barədə İTAR-TASS "National" qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, yeni sistem praktiki olaraq minik avtomobillərinin mikroavtobuslarla əvəz edilməsini nəzərdə tutur. Xidmət standartlarının dəyişdirilməsi Birləşmiş Ərəb Əmirliklərinə artan turist axını ilə əlaqədardır.

"Taksi Dubay" şirkətinin rəhbərlərindən biri olan Məhəmməd Salih qəzetə müsahibəsində bildirib: "Aerovağzallarda daim böyük ölçülü taksilərin çatışmazlığı hiss olunur. Sərnişinlər, əsasən, öz qohumlarının və dostlarının əhatəsində səyahət edirlər. Belə işlərə minivenlər daha çox yarayır".

Taksilərin ölçülərinin artırılması gediş haqqına da təsir edib: hazırda 50 sent artıb və yeddi dollardan başlayır. Nəqliyyat şirkətinin nümayəndəsi deyib: "Gediş haqqının qiymətinin cüzi artımı bizim BƏƏ-nin qonaqlarına və sakinlərinə göstərdiyimiz xidmətlərin cəlbediciliyinə təsir etmir. Hətta müştərilərin şəxsi vəsaitlərinə qənaətdən də danışmaq olar, çünki onlar eyni vaxtda bir neçə avtomobil sifariş etmirlər".

Dubay hökumətinin məlumatına görə, hər ay Əmirliyə iki milyona yaxın turist gəlir. Bununla yanaşı, yerli taksilər ildə təxminən 47 milyon sərnişin daşıyırlar. Hər bir avtomobilin orta yüklənmə göstəricisi isə bir gediş üçün iki nəfər təşkil edir. Buna görə də Əmirliyin ekspertləri Dubayın taksi parkında minivenlərin payının artırılmasının məcburi tədbir olduğunu qeyd edirlər.

AzNews.az