Həlak olan pilotun 13 yaşlı oğlu nazirə müraciət etdi

11 Fevral 2014 13:19 (UTC+04:00)
"Axı, atam vətənə xidmət edib"

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus helikopter Bakının "Şıx" çimərliyi istiqamətində qəzaya uğrmasında bir il ötür.

Məlum olduğu kimi, qəza nəticəsində helikopterin ekipaj üzvləri - kapitan Yaşar Mail oğlu Əhmədov, baş leytenant Rüstəm Gülhüseyn oğlu Rüstəmov və leytenant Bəhruz Novruz oğlu Zeynalov həlak oldu.

AzNews.az-ın müsahibimiz kapitan Yaşar Əhmədovun 13 yaşlı oğlu Nicat Əhmədovdur.



O, söhbətində bir sıra maraqlı məsələlərə toxunub və Nazir Zakir Həsənova müraciət edib:


- Atamsız bir il çox çətin oldu. Atamın yoxluğuna inanmıram. Bu bir il mənə və ailəmə bir əsir kimi gəldi. Bizi narahat edən isə atama şəhid statusunun verilməməsidir. Bu acımızın üstünə bir azda kədər qatıb. Çünki o, vətən uğrunda, xidməti vəzifəsini yerinə yetirən zaman ölüb. İstəyirəm ki, atamın şəhid olması rəsmiləşsin. Lakin ötən bir il ərzində bu edilmədi. Bundan başqa helikopterin qəzaya uğraması ilə bağlı qaldırılan cinayət işi də bağlanılmayıb.

- Atanının adının əbədiləşdirilməsi üçün hansı təbdirlərin görülməsini istəyirsən?


- Hazırda mənim ən böyük arzum atama şəhidlik adının verilməsidir. Atamın doğulduğu Qazax rayon Aslanbəyli kənd orta məktəbinə də atamın adının verilməsini istərdim. Atam bu kəndin ilk hərbi pilotudur. Ailəm atama şəhid statusun verilməsi üçün bir sıra dövlət orqanlarının rəhbər və vəzifəli şəxslərinə müraciət edib. Hamısı bildirib ki, bu cinayət işi bağlandıqdan sonra status məsələsinə baxılacaq. Amma təəssüf ki, bu günə kimi heç bir xəbər yoxdur.

- Atanın yolunu davam etdirmək niyyətin varmı?


- Kiçik yaşlarımdan atama bənzəmək istəmişəm. Əlbəttə, çalışacam ki, gələcəkdə mən də atam kimi pilot olum. Amma atama qarşı biganə münasibət məndə bədbinlik yaradır. Axı, atam vətənə xidmət edib. Buna baxmayaraq, inanıram ki, atama layiqli qiymət veriləcək.

- Atanızın vəfatından sonra dövlət qurumları tərəfindən hansısa yardım edilibmi?


- Bəli, maddi yardım edilir. Bununla bağlı bizim heç bir çətinliyimiz yoxdur. Amma bütün bunlar bizim gözümüzə görünmür. Atam 20 il vətən üçün xidmət edib. O, xidməti zamanı, yəni vətən uğrunda həlak olub. Vətən uğrunda həlak olan şəxs isə şəhiddir.

- Bununla bağlı konkret olaraq hansı qurumlara müraciət etmisiniz?


-Bu məsələ ilə bağlı ailəm müvafiq təşkilatlara müraciət edib. Ancaq mən bir daha ailəm adından sizin vasitənizlə müdafiə naziri Zakir Həsənova müraciət edirəm. Xahiş edirəm ki, mənim müraciətimin reallaşmasına nazir özü daha yaxından nəzarət etsin.

Amid Əyyuboğlu
AzNews.az