Adamyeyən

11 Fevral 2014 15:09 (UTC+04:00)
Bir neçə il öncə Afrikaya getmişdim. Avropa Birliyi formatında bir nümayəndə heyəti idik. Finlandiya, Rumıniya, Hollandiya, Kataloniya təmsilçiləri ilə birlikdə Kamerunda malyariya xəstəliyinə ayrılmış vəsaitlərin necə xərcləndiyini yoxlamaq, oradakı sağlıq problemləri ilə tanış olmaq məqsədilə belə bir ekzotik səfər gerçəkləşdirmişdik.

Maraqlı ölkədir, şəhərlərindən başlamış cəngəlliklərinə qədər xeyli yerləri gəzmə fürsəti qazandım. Fransız şirkətinin iyirmi il öncə inşa etdiyi yola heyran qaldım, avtobusda stəkanda dopdolu qoyduğun su silkələnib tökülmürdü. Ucqar bir əyalətdə gördüyüm universiteti müqayisə etməyə Azərbaycanda universitet tapa bilmədim. Sadəcə, təbiətlə mübarizəyə böyük vəsait xərcləyirlər, çünki bir yaramaz ağcaqanad adama iynəsini batırdısa, filan qədər pulun-paran dərmana getməlidir. Uşaq ölümünün sayı da bu səbəbdən xeyli çoxdur.

Getməzdən öncə müxtəlif təbəqələrdən olan azərbaycanlı dostlarımla, millət vəkili həmkarlarımla səfər barədə danışarkən ənənəvi sözləri söyləməli olurdum: "Birdən ürəyinizdən keçən nəsə olar, alıb gətirim". Qəribədir ki, sanki hamı bir-biri ilə sözləşmiş şəkildə zarafata salıb eyni ifadəni işlədirdi: "Deyirlər orada adamyeyənlər olur, imkan olsa, adamyeyən gətirərsən".

Təbii ki, mənim zərif yumoru necə anlayışla qəbul etmə xarakterimə bələd olduqlarından, bu zarafat dolu ismarışı rahatlıqla verə bilirdilər. Mənimsə diqqətimdə qalan bir məqam idi: bu qədər fərqli insanın Afrika haqqında təsəvvürlərində ortaq aşağılayıcı bir düşüncə necə olub ki, dəyişməyib?

Dönüşdən sonra bu yumora öz cavabımı hazırlamalı olmuşdum. Bilirdim ki, ilk sorğu-sual bu zəmində olacaq ki, "bəs hanı adamyeyən, söz vermişdin, gətirməmisən". Elə də oldu. Hamıya hazır cavabımı qoydum ortaya və düşünürəm ki, hamını adamyeyənin gətirilməyindən çox mənim cavabım məmnun etdi. Soruşan hər kəsə söylədim ki, "orada xeyli adamyeyənə rast gəldim, xahiş etdim ki, gəlin sizləri bizim ölkəyə aparım. Əvvəl tanımadılar, əlacsız qalıb xəritədə harada yerləşdiyimizi izah etdim. Tanış olan kimi dərhal imtina etdilər. Səbəbini soruşanda, bildirdilər ki, sizin məmləkət barədə məlumatımız var, biz burada adamyeyənik, ancaq orada elələri var ki, bizi yeyərlər".

Biz durduğumuz nöqtədən dünyaya baxdığımız kimi, dünyanın da bizə baxdığı nöqtələr var. Yüksək səviyyədə təmir olunmuş, üzlük daş çəkilmiş evlərin yanından keçirəm və bu cür təmirdən sonra sökülüb yerlə-yeksan olduğunu görürəm. Və düşünürəm ki, ən yüksək yolsuzluğun olduğu ölkələrdə belə, pul belə yeyilməz. Bu, elə mənim afrikalıların adından söylədiyim adamyeyənlikdir, qardaşım! Bu məmləkətin yüzlərlə insanının evə, işə, çörəyə möhtac olduğu bir şəraitdə, öncədən bilə-bilə ki, söküləcək, milyonları töküb yüksək səviyyədə binanı təmir edirsən, təmir tamamlanandan sonra sökmək barədə qərar qəbul edirsən. Mənasız hasarların hörgüsünə, üzləməsinə yollar boyu, dəniz boyu çəkilən izafi büdcə xərclərini dəfələrlə gündəmə gətirsək də, zərrə qədər də düşüncə dəyişikliyini görmədik. İndi də Milli Bankın binası doğru yerdə tikilmədiyinə görə söküləcək, deyə bir informasiya yayılıb. Ötən ay yeni təmirdən çıxmış bir neçə məktəbin idman zalına baş çəkdim. Akustikası normal, avadanlıqları yerində olan, hətta yuyunmağa duşu, hovuzu olan birisinə rast gəlmədim. İndi izah edin görək, bu zavallı məktəbli övladımız necə idman dərsində, əlavə vaxtda fiziki yorğunluğunu çıxarsın? Ona görə də hər tənəffüsdə dərsdən çıxan oğlanlar özünü köşkə yetirib bir dənə siqareti qəpik-quruşa alıb canlarına zəhəri yeridirlər.

Bizim özümüzü aldatmaq üçün tez-tez leksikonumuzdan çıxarıb səpələdiyimiz yalançı ifadələr var: Qarabağ savaşında yaxşı hazırlaşmadığımıza görə məğlub olduq, Vəzirov qoymadı Qarabağa yerləşək, Mütəllibov qoymadı silah alaq və s. Biz Bakı boyda şəhəri vaxtında normal planlaşdıra bilmədiyimizdəndir ki, bu boyda şəhərin başı ilə ayağının harada olduğunu müəyyənləşdirməkdə aciz qalmışıq. Ölkə əhalisinin 40 faizini bir şəhərə yığan ağlımızı yüngül balla özünü hiss etdirən zəlzələ mebel əşyası kimi tərpədə bilirsə, buna da hələ şükür etməyə əsasımız var. Bu ağılla istər dünən olsun, istər bu gün - Qarabağ boyda savaşına necə hazır ola bilərdik və yaxud bilərik.

Elə bu adamyeyən məsələsini düşünürdüm ki, bir idman bazasının qapısının ağzında 15-16 qaradərili arıq, çəlimsiz qızların hansısa Afrika tayfa dillərinin birində danışdıqlarını sezdim. Öyrəndim ki, bizi beynəlxalq yarışlarda təmsil etmək üçün uzaq Afrikadan pul ödəyərək gətiriblər. Biz neçə illərdir vərdiş etmişik ki, Dağıstandan, Ukraynadan, Rusiyanın başqa yerlərindən adamları pulla gətirib azərbaycanlılaşdırıb ölkəmizi mötəbər yarışlarda təmsil etməyə göndərirlər. Kollektiv oyunlarda, xüsusilə də klub futbol komandalarında 4-5 səviyyəli xarici idmançının olmasının faydasını inkar etmirəm və hətta zəruri hesab edirəm. Ancaq burada da hədəf azərbaycanlı idmançının yetişdirilməsi, təcrübə qazanması olmalıdır. Həm də bu, xarici idmançıların milliləşdirilərək milli komandanın tərkibinə qatmanın ciddi bir yanlış olduğunu düşünürəm. Fərdi idman növlərində, xüsusən də güləşdə, cüdoda, boksda, yüngül atletikada bu asan və mənasız yola baş vurmanın bir faydasını görə bilmirəm. Bu qədər vəsait nədən bir neçə il sonra arenaya çıxma şansı olan azərbaycanlı balasının yetişdirilməsi üçün xərclənməsin? Bu gün bir Azərbaycan övladının, yaxud da hansı millətdən olursa-olsun, həqiqi bir Azərbaycan vətəndaşının qazandığı bir medal sabah bir neçə yarışdan sonra öz məmləkətində dönəcək, yaxud da ömür boyu Azərbaycana qəlbən bağlanmayacaq idmançıların qazandığı beş-on medaldan daha qiymətli deyilmi? Və anladım ki, azərbaycanlını yeyib əvəzinə yabançıları ölkəni təmsil etməyə gətirən pulyeyənlər əslində elə o afrikalıların qorxduqları adamyeyənlərin idman arenasında yaşayan növləridir.

Həftənin sonunda Cənubi Afrika Respublikasına səfərim var. Əvvəlki səfərimdən fərqli olaraq, bu dəfə kimsə adamyeyən gətirmək barədə üstüörtülü eyham da vurmayıb. Anladığım budur ki, adamlarımız adamyeyəni artıq Afrikada axtarmırlar…

AzNews.az