“Kodeks Kumanikus“dan “Leyla”ya uzanan yol

11 Fevral 2014 15:41 (UTC+04:00)
AzNews.az "Məşhurların oxuduğu kitab" layihəsini davam etdirir.

Layihənin budəfəki qonaqları sabiq Təhsil naziri, professor Firudin Cəlilov, yazıçı Pərviz Cəbrayıl, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Müşfiq Əmirovdur.

Sabiq Təhsil naziri, professor Firudin Cəlilov sonuncu dəfə oxuduğu kitabın "Kodeks Kumanikus" olduğunu dedi:



"Kitab Avropada XIII-XIV əsrlərdə kuman türkcəsini öyrənmək amacı ilə yazılıb. Kitabda dil tarixilə məşğul olanlar üçün gərəkli bəlgələr var. Hazırda Türkiyədə çapa hazırlanan 3 bitik üzərində redaktə ilə məşğulam. Bu bitiklərdən biri (morfonologiya) 25 il öncə Bakıda çap olunmuşdu. Türkiyə universitetlərində dərslik kimi istifadə olunur".

Yazıçı Pərviz Cəbrayıl Xalid Hüseynin "Min möhtəşəm günəş" romanını oxuyub:


"İndi Xalid Hüseyninin "Qanun" nəşrlər evində çap olunan "Min möhtəşəm günəş" romanını oxuyuram. Redaktoru olduğum "Çərpələnguçuran" romanından sonra bu həmin müəllifdən oxuduğum ikinci əsərdir. Deyim ki, kitabdan 125 səhifə oxumuşam və artıq sırf maraq xatirinə oxumaq mərhələsindəyəm. Çünki bu əsərdə "Çərpələnguçuran"ın sanbalından əsər-əlamət yoxdu.

Paralel olaraq Cavid Zeynallının "Leyla"sını oxuyuram. Bunu da deyim ki, hər iki kitabı ancaq saytdan vaxt oğurlayanda aça bilirəm. Daha çox isə bitirdiyim romanı - "Məryəm surəsi"ni kitab halına salmaq üçün necə və hardan vaxt oğurlayacağım haqda düşünürəm".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Müşfiq Əmirov isə Nəsrəddin Tusinin "Əxlaqi-nasir"indən söz açdı:


"Mən Nəsrəddin Tusinin "Əxlaqi-nasir"ini və eyni zamanda "Qobusnamə" kitablarını oxuyuram. "Əxlaqi-nasir"i bəlkə 10 dəfə oxumuşam. Və yenə də oxuyuram. Kitab başdan-ayağa müdrüklik xəzinəsidir".

Bahar Rüstəmli
AzNews.az