YAP-dan İqbal Ağazadənin tənqidlərinə REAKSİYA

11 Fevral 2014 17:30 (UTC+04:00)
"Bu gün Azərbaycan hakimiyyəti qədər xalqın qulluğunda duran, sosial problemlərini həll edən ikinci bir hökumət yoxdur. Azərbaycan prezidenti istər beynəlxalq və istərsə də, ölkədə hər zaman xalqın maraqlarını qoruyur".



Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Ümid Partiyasının sədri İqbal Ağazadənin ölkə iqtidarına qarşı irəli sürdüyü ittihamlara cavabında deyib.

Hökumətin apardığı islahatlar haqda danışan S. Novruzov bildirib ki, sosial problemlərin həlli məqsədilə prezident İlham Əliyev kifayət qədər fərman və sərəncamlar imzalayıb:

"Son 10 ildə ölkədə 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib, o cümlədən, yollar, körpülər, parklar salınıb. Bütün ucqar dağ kəndlərinə qaz və işıq çəkilib. Hər bir yerdə insanlarımızın rahat yaşamaları üçün lazımi şərait yaradılıb və yaradılır. Əgər bunu kiminsə gözü görmürsə, başa düşmürsə, yaxud da düşmək istəmirsə, bu, artıq o adamların problemidir".

YAP funksioneri qeyd edib ki, ölkə Konstitusiyasının ən əsas tələblərindən biri olan ictimai-siyasi sabitlik Azərbaycanda qorunub saxlanılır:

"Bu gün Azərbaycan nəinki regionda, o cümlədən dünyada ictimai-siyasi sabitliyi olan və təhlükəsiz ölkələrdən biridir. Bütün beynəlxalq tədbirlər də bu səbəbdən Azərbaycanda keçirilir. Bunu başa düşməyən xalqa hansı xidmətdən, Konstitusiyanın pozulmasından danışır? Ölkə Konstitusiyasının tələblərini pozan müxalifətdə təmsil olunanlardır. Qoy, onlar göstərsinlər ki, xalqa hansı xidməti göstəriblər. Onların Azərbaycana ziyandan başqa heç bir xidmətləri yoxdur".

S. Novruzov bildirib ki, müxalifətin müxtəlif növləri var - radikal və digər qanadı mövcuddur:

"Müxalifətdə biri söyüş, digəri tənqid, bir başqası isə təkliflər yolunu seçir. Müxalifətçilik söyüş söymək və yaxuddakı düşmənçilik mövqeyində durmaq demək deyil. Azərbaycan müxalifətin danışmağa heç bir əsası yoxdur.

Onların danışmaq üçün elmi, fundamental, əsasları yoxdur. İnanmıram ki, müxalifətdə nəyi isə elmi cəhətdən əsaslandırıb, alternativ təkliflərlə masaya qoya bilərlər. Elə, İqbal Ağazadənin rəhbəri olduğu Ümid Partiyası da heç vaxt alternativ təkliflə çıxış etməyib.

Ümumilikdə Azərbaycanın qaraguruh müxalifəti 20 ildən artıqdır ki, ortalığa heç bir təklif qoymayıb. Onlar 1989-cu ilin əvvəlində hansı təfəkkürdə idilərsə, indidə o şəkildə fəaliyyətlərin davam etdirirlər. Ona görə onların gələcəkdə də perespektivləri yoxdur".

Xatırladaq ki, Ümid Partiyasının Ali Məclisinin növbəti sessiyasında partiyanın sədri İqbal Ağazadə iqtidarın ünvanına kəskin ifadələr səsləndirərək, hökuməti səriştəsizlikdə, qanunlara riayət etməməkdə, insanların Konstitusion hüquqlarını məhdudlaşdırmaqda günahlandırıb.

Amid
AzNews.az