Qocalar evinin 16 sakini müəssisədən çıxarılır - VIDEO

11 Fevral 2014 22:55 (UTC+04:00)
Giley - güzar edənlər həyatlarının yarısını artıq geridə qoymuş və məskunlaşdıqları qocalar evində gördükləri qayğı ilə təskinlik tapanlardır.

Onların iddiasına görə, 156 nəfərə doğmalaşmış bu müəssisədən indi 16 nəfər uzaqlaşdırılacaq. Şikayətçilər deyir ki, müəssisədən çıxarılma səbəbi olaraq yaş həddinin az olması göstərilir. Hər halda gördüyünüz bu əlil insanları yaşlılar evinə qəbul edən qurum əməkdaşları onların sənədlərindən də xəbərdar olub. Deməli, təvəllüdləri məlum imiş. Elə bu məqam da onlara rahatlıq vermir. Bəs niyə yaş məhdudiyyəti indi yada düşdü? Hətta Esmira Məmmədova həmin bu müəssisədə qeydiyyatdadır və 10 ildir ki, burada yaşayır. Müsahibim deyir ki, hara köçürəcəklərini soruşduqda ruhi əsəb dispanserlərinə yerləşdirəcəklərini bildiriblər.

Qocalar evinin direktoru Qətibə Əsədova işdə olmadığından, onunla telefon əlaqəsi saxladıq. Direktor bildirdi ki, nazirliyin tələbi ilə yaşı 60-dan aşağı olan şəxslər müəssisədən çıxarılır. Ancaq həmin bu 16 nəfər küçədə qalmayacaq. Komissiya tərəfindən yoxlamadan keçirildikdən sonra fiziki çatışmazlığı olanlar əlillər evində, əqli çatışmazlığı olanlar isə ruhi əsəb dispanserinə köçürüləcək.






AzNews.az