Nifrət dili əsasında diaqnozumuz

12 Fevral 2014 09:55 (UTC+04:00)
Nifrət dili ardınca kobud reallığı daşıyanda


Mən ötən dəfə çağdaş dünyanın paradiqmalarına uyğun, yəni düşünüş, deyim, danışıq örnəklərinə uyğun dəyişməmizin bir yönündən söhbət açmışdım: indi uyqar dünya nifrət dilindən qurtulmağa çalışır, nifrətdən qurtulmağa çalışmasa da.

Haçansa Hitlerin alman dünyasında yaratdığı bir "yeniliyi" oxumuşdum: almanlar çoxdan idi ki, "başına vurmaq", "eşşək kimi döymək" deyimlərini şərti anlayıb şərti işlədirdilər. Hitler və onun çevrəsi bu tipli nifrət deyimlərinə gerçək döymək aktını qaytardılar. Yəni almanlar Hitlerin üzündən "eşşək kimi döymək" eşidəndə gözlərinin qabağına gerçək döymək gəldi.

Sitat dəqiq yadımda olmadığı üçün bir az azəriləşdirib danışdım. Yəni "eşşək kimi döymək" bizim sözümüzdür. İndi biz onu eşidəndə möhkəmcə döyməyi, özü də insan saymadan döyməyi başa düşürük. Ancaq təsəvvür edin ki, orduda komandir hər dəfə "bunu eşşək kimi döyün" deyəndən sonra adamı doğrudan da eşşək kimi kötəkləyirlər. Bunu 5-10 dəfə görəndən sonra artıq "eşşək kimi döymək" sözünü gerçək şəkillərdə görürük. Ruslar ana söyüşünü söyəndə söyüşdən anaları ilə bağlı biabırçı şəkli görmürlər, onun üçün də təhqir olunmurlar. Bizimkilərsə əsgərlikdə rusdan bu söyüşü eşidəndə bıçaq çıxarırdılar. Çünki o söyüşə elə-belə söz kimi baxmırdılar, analarına təcavüz kimi baxırdılar.

Nifrət və nəzakət dilləri

İndi elmi desək, Hitler almanlarda nifrət dilini həm geniş yaymış, həm də metaforalıqdan, şərtilikdən çıxarmışdı. O almanlarda ki, hətta qestapoçularında belə, nəzakət dili qalmaqda idi. Azərbaycanda qulluqçuya, bağ qarovulçusuna suyu gətirmək, çayı dəmləmək üstündə "sağ ol" söyləmək yoxdur. Biz heç restoranda ofisianta da sağ ol demirik. Ancaq alman gestapo zabiti evində qulluqçusuna suya, qəhvəyə görə mütləq "sağ ol" deyirdi. Bax, belə bir dünyada Hitler nifrət dilini kişilik, igidlik dilinə çevirdi. Almaniyada nifrət dilinin hədəfləri çox idi: Britaniya, kommunistlər, Sovetlər, yəhudilər.

Bizdə necədir?

Buna baxanda Azərbaycan toplumu xeyli nəzakətləşib. Bizdə nifrət dilindən indi ermənilər və siyasi rəqiblərlə bağlı aktiv istifadə edirlər. Rusiyada bir ara hakim partiya ilə ilgili dəbə minmiş "oğrular partiyası" nifrət dilinə parlaq örnəkdir. Azərbaycanda bu iki ünvandan başqa nifrət dili üçün heç bir hədəf yoxdur. Nə Rusiya, nə İran, nə Gürcüstan, nə Avropa, nə Amerika bizdə xırda qrupları, təkəm-seyrək adamları çıxsaq, nifrət dilini doğurmur.

Ermənilərlə bağlı sinonimə çevrilmiş "mənfur qonşumız" deyimi nifrət dilinin hərəkat dönəmindən qalma leksikonudur. "Qonşu" sözündə pozitivlik var, ermənilərlə ilgili işlədiləndə bu pozitivliyi yox etmək üçün "mənfur"u əlavə edirdik. Ancaq indi ağıllı yazarlar, üslub zövqü olan adamlar hətta ermənilərlə bağlı da soyuq, nifrətsiz dildə danışmağı üstün tuturlar. İndi belə yazarlar "mənfur qonşumuz" sözünü primitiv saydıqları üçün deməzlər.

Özgür Media və yeni bildirmə axtarışları

İş burasındadır ki, söyüş çox güclü, təhlükəli adamları (məsələn, oğru başını) söyəndə söyəni mərd, igid göstərir. Hamı cəzasız, risksiz söyəndə söyüş bir qəpik olur. İndi Azərbaycanda oturub Ermənistanı söymək kişiliyə yox, kişilənməyə oxşayır. Bizdə xeyli siyasilər və yazarlar var ki, igid, ürəkli görünmək istəyi ilə yaşayırlar. Belələri üçün ən təhlükəsiz obyekt Ermənistandır, ona görə də erməniləri söyəndə özlərini qəhrəman kimi duyurlar. Bu gün Azərbaycanda Media azadlığının səviyyəsi elədir ki, həp hansı nazir, yetkili haqqında kobud danışmaq qorxulu deyil. Belənçi durumda hakimiyyət haqqında nifrət dilində danışmaq böyük iş deyil. Eləcə də miüxalifət haqqında nifrət dilində danışmaqla öyünmək gülüncdür.

Biz qəzəbləndiyimiz dövlətə, ulusa, sosial-siyasi qruplara nifrət dilində söyüş yağdırmağı tərgidib ağıllı, tutarlı dildə danışmağı, yazmağı öyrənməliyik. NATO-nun dil ixtirası olan "humanitar qəza" kimi deyimləri tapmaqla Ermənistanın siyasətini, Qarabağdakı separatçıların davranışlarını adlandırıb açmağı öyrənməliyik.

teleqraf.com