İlham Əliyev Marqvelaşvili ilə görüşdü- Yenilənib

12 Fevral 2014 10:53 (UTC+04:00)
Fevralın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Georgi Marqvelaşvilini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.

Gürcüstanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Georgi Marqvelaşviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər.(11.28)

***

Fevralın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

AzNews.az