Rafiq Manaflıdan Eldar Namazova sərt cavab

12 Fevral 2014 11:17 (UTC+04:00)

"Onun dedikləri ciddi qəbul etmirəm"


"Eldar Namazovun bundan sonra deyəcəkləri mənim üçün ciddi maraq kəsb etmir. Ona tövsiyə edirəm ki, siyasətlə bu cür məşğul olmazlar".

Bunu AzNews.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı "El" hərəkatının sədri Eldar Namazovun onunla bağlı söylədiyi ittihamlara cavabında deyib. R. Manaflı bildirib ki, E. Namazovun onun barəsində dedikləri, daha əvvəl Milli Şuranın sədri Cəmil Həsənli haqda söylədikləri qədər absurddur. Siyasətlə məşğul olan şəxs belə fikirləri dilinə gətirməz. R. Manaflı qeyd edib ki, bu ona və Milli Şuraya qarşı şantajdır: "Görünür, əvvəllər qazandığı təcrübədən bəhrələnərək, bizə şər-böhtan atır. Heç olmasa olan söhbəti danışsın. Deyilməyən söhbətdən istifadə etmək siyasətçiyə yaraşmaz".

VHP Ali Məclisinin sədri xatırladıb ki, məntəqə seçki komissiyalarının təşkili ilə bağlı Milli Şurada müzakirələr aparılan zaman vəziyyətə dair müəyyən söhbətlər olub, amma E. Namazovun söylədiyi fikirləri səsləndirməyib. O, E. Namazovu müxalifətdən, cəmiyyətin iqtidardan narazı olan elektoratından öz məqsədləri üçün bəhrələnməyə çalışdığını da vurğulayıb:

"Eldar Namazovun ilk gündən fəaliyyəti proseslərdən yararlanmağa yönəlib. Milli Şura təsis olunanda Eldar Namazov qurumun əsas fiqurlarından biri idi. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla qurum digər üzvləri arasındakı əlaqə Eldar Namazov vasitəsilə təmin olunurdu. Eldar Namazov isə Rüstəm İbrahimbəyovla üzvlər arasındakı əlaqələri monopoliyaya almışdı. Hamı onun ağzına baxırdı ki, Rüstəm İbrahimbəyovla bu nə danışıb, qərar nə olub. Demək istəyirəm ki, bu proseslərdən Eldar Namazov istədiyini götürdü".



R. Manaflı deyib ki, E. Namazovun narahatlığı Milli Şurada itirdiyi mövqeyi ilə bağlıdır: "Cəmil Həsənlinin prezidentliyə namizədliyi qərarlaşdırılandan və rəhbərlikdə dəyişiklik edildikdən sonra Eldar Namazovun statusu əvvəlki səviyyədə olmadı. O bundan çox narahat oldu və qurumun fəaliyyətinin zəiflədilməsinə yönələn addımlar atdı. Lakin Milli Şuranın əhəmiyyəti prezident seçkilərindən daha yüksəkdir. Artıq bu cür həmlələr öz nəticəsini verməyəcək".

Xatırladaq ki, "El" hərəkatının sədri Eldar Namazov VHP Ali Məclisinin sədri Rafiq Manaflını bəzi məsələlərdə ittiham edib. E. Namazov deyib ki, 2013-cü il prezident seçkisi kampaniyası başlayanda Milli Şuranın ümumi bir toplantısı olub və Rafiq Manaflı orada açıq elan eləyib ki, VHP-nin seçki komissiyalarında üzvlərinin hamısını hakimiyyət təyin edir: "Rafiq Manaflı dedi ki, heç biz özümüz də bilmirik onlar kimlərdir, bunu nəzərə alıb bizə ümidli olmayın.

Həqiqətən də mən Ağstafada, Qazaxda, Tovuzda Milli Şuraya daxil olan partiyaların 200-ə yaxın üzvünün iştirakı ilə toplantı keçirəndə bəlli oldu ki, VHP-nin rayon şöbələrinin rəhbərləri də tanımırlar ki, yerli hakimiyyət kimləri VHP adından seçki komissiyalarına daxil edir. İndi bu partiyanın vəzifəcə ikinci adamı EL hərəkatı haqqında ağzına gələni danışır. Günah onlarda deyil. Günah onları gətirib Milli Şuranın başında oturdanlardadır".

Məhəmməd
AzNews.az