Prezident: "Bizi qonşuluq münasibətləri bağlayır"- Yenilənib

12 Fevral 2014 14:33 (UTC+04:00)
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bu gün Heydər Əliyev Mərkəzində olub.


AzərTac xəbər verir ki, ali qonağa Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.

Onu da qeyd edək ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.(14.44)

***

Fevralın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq deyib:

"Hörmətli cənab Prezident. Hörmətli qonaqlar. Mən sizi Azərbaycanda bir daha salamlayıram. Xoş gəlmisiniz! Sizin səfəriniz xalqlarımız və ölkələrimiz arasında qardaşlıq, dostluq münasibətlərini bundan sonra da inkişaf etdirmək üçün çox böyük əhəmiyyət daşıyır. Bizi tarix və qonşuluq münasibətləri bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi, bütün sahələrdə fəal əməkdaşlıq edirik. Bu gün biz Sizinlə ikitərəfli və çoxtərəfli münasibətlərdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair qısa fikir mübadiləsi apardıq. Əminəm ki, biz bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın potensialını artıracağıq".

Dövlət başçısı qeyd edib ki, Gürcüstan Azərbaycan üçün qardaş, yaxın ölkədir, qonşu, tərəfdaş və dostdur: "Əminəm ki, münasibətlərimizin gələcək inkişafı çox müsbət və dinamik olacaqdır. Bizi istər regional, istərsə də qlobal xarakterli çoxlu layihə birləşdirir. Biz uzun illər ərzində həmişə ümumi məqsədlərimizə sadiqlik nümayiş etdirmişik. Onları həyata keçirmək üçün qarşıdan gələn illərdə də fəal işləyəcəyik. Siz dediniz ki, çoxdandır Azərbaycanda olmamısınız. Əminəm ki, bu səfər çox faydalı, maraqlı olacaq və münasibətlərimizin daha da inkişaf etməsinə yaxşı təkan verəcəkdir. Bir daha xoş gəlmisiniz".

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili görüşdə çıxış edərək deyib: "Çox sağ olun, cənab Prezident. Bəli, bu səfər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz azərbaycanlı həmkarlarımızla inkişaf etdirdiyimiz şəxsi münasibətlərə xüsusi həssaslıqla yanaşırıq. Siz düzgün olaraq xatırlatdınız ki, ölkələrimiz əməkdaşlığın xüsusi presedentini yaradır, nümunəvi əməkdaşlıq üçün, problemləri deyil, imkanları inkişaf etdirmək üçün şərait yaradır. Görüşümüzdə Siz bizim birlikdə inkişaf etdirdiyimiz, faktiki olaraq artıq tarixə çevrilən, istər regionumuzda, istərsə də regionumuzun hüdudlarından kənarda yaşayan xalqlar üçün tarixi imkanlar yaradan istiqamətləri düzgün vurğuladınız. Biz imkanlar yaradırıq. Biz bu imkanları birlikdə qururuq. Biz çox şadıq ki, belə səviyyədə əməkdaşlıq təkcə zəmanəmizdə deyil, gələcəyə baxanda da inkişaf edən, regionda yeni layihələr, yeni dinamika yaradan əməkdaşlıq kimi görünür".

AzNews.az