Bolqarıstanın Baş naziri Azərbaycana gələcək

12 Fevral 2014 16:00 (UTC+04:00)

Bolqarıstanın Baş naziri Plamen Oreşarskin gələn həftə Azərbaycana gələcək.

Energetika nazirliyindən AzNews.az-a daxil olan məlumata görə, nazir Natiq Əliyev Bolqarıstan Respublikasının İqtisadiyyat və Energetika naziri Draqomir Stoynevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əsasən Bolqarıstanın Baş naziri cənab Plamen Oreşarskinin fevralın 18-20-də Azərbaycana gözlənilən rəsmi səfəri zamanı müzakirə olunacaq mövzuların razılaşdırılmasına dair danışıqlar aparılıb.

Görüşdə Azərbaycanla Bolqarıstan arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq bildirilib, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilib. Natiq Əliyev ikitərəfli əlaqələrin inkişaf dinamikasından söhbət açıb, ötən ilin dekabrında "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasının Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini vurğulayıb.

D.Stoynevin qeyd edib ki, Azərbaycan Bolqarıstanda daha çox enerji ölkəsi kimi tanınır. Azərbaycanla Bolqarıstan arasında fərdi qaz danışıqları aparılır. Biz tək enerji sahəsində deyil digər sahələrdə də Azərbaycanla əməkdaşlıq edirik. Amma bu istiqamətdə əməkdaşlığı artırmaq istəyirik".

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə yüksələn xətlə inkişafı və bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti də qeyd olunub.

Amid
AzNews.az