"Mən Nəsibə xanımın iradlarının bəziləri ilə razıyam. O, düz deyir. Bu gün telekanallarda efirə gedən filmlərin səslənməsində iştirak edən aktyorların böyük əksəriyyəti küçələrdən yığılmadır". 
Bunu AzNews.az-a açıqlamasında xalq artisti İlham Əsgərov bildirdi.  İ.Əsgərov filmlərin səslənməsində iştirak edən  heyəti savadsızlıqda suçladı: "Onların heç biri vurğunun yerini bilmir. Əksəriyyəti xaltura ilə məşğuldur. 
Mətndə elə sözlər var ki, dəyişməlidir, xalq dilinə salınmalıdır. Çünki buna xalq baxır. Fəlakətdir, küçədə kimi görürlərsə dublyaja gətirirlər. Səslənmədə 3-4 nəfər tanınmış aktyorun səsi eşidilir. Əslində isə görün bizim nə qədər aktyorlarımız var. Telekanallar, studiya rəhbərləri onları yaxına buraxmır. 
Nədir-nədir istedadlı  aktyor  pul tələb edəcək. Bu çox acınacaqlı haldır. Dublyajda iştirak edən aktyorların birinci növbədə səsi və nəfəsi olmalıdır. Onun səsi ilə obrazın nəfəsi üst-üstə düşməlidir. Əlbəttə ki, nəfəsi, istedadı olan aktyor qəpik-quruşa işləməyəcək. Sovetlər məkanında bir studiya vardı. 
Hamı da ora tabe idi. Ortaya keyfiyyətli iş qoymaq üçün külli miqdarda maliyə xərcləməlisən. Bu pulu isə əsl aktyora verən yoxdur".
Lalə
AzNews.az