Arzu Abdullayeva: “Ona nə ediblərsə, tam dəyişib”

13 Fevral 2014 14:34 (UTC+04:00)
"Həmin yazının mediaya çıxması düşünülmüş kampaniyadır. Xədicə İsmayılın belə hərəkət edəcəyinə isə inanmıram, o belə addım atmaz".


Bunu AzNews.az-a açıqlamasında Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva "virtualaz.org" saytında gedən "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə onunla bağlı yer alan məqama münasibət bildirərkən deyib.

O, hüquq müdafiəçilərinin əsassız olaraq tənqid edilməsinin qəbuledilməz olduğunu söyləyib: "Məgər, hüquq müdafiəçiləri dövlət qurumları ilə təmasda olanda özləri üçün ev, ofis, maşın istəyirlər? Ancaq onlar həbsdə olanların azad olunması, işgəncə hallarının qarşısının alınması məqsədilə kiminləsə görüşürlər, problemləri həll edirlər. Çox sağol deməkdənsə, buna qarşı kampaniya aparırlar. Heç bir ölkədə yaşlı hüquq müdafiəçilərinə belə hörmətsizlik etmirlər".

A.Abdullayeva adıçəkilən yazı və burada yer alan məqamlar haqda da danışıb:

"Məncə, yazının müəllifi və dərc olunan saytın rəhbəri Eynullaya nəsə ediblər. Ona nə ediblərsə, tam dəyişib. Axı, 4 il Eynulla Fətullayevin valideynləri ilə birlikdə onların həyatını yaşamışam. Onun həbsdə olduğu həmin illərdə, digər hüquq müdafiəçiləri və həmkarları ilə birlikdə Eynullanı müdafiə etmişik. Həbsdən çıxandan sonra sanki, üzü döndü. Mənə elə gəlir ki, Eynulla zombiləşib. O adam elə deyildi. Axı, qısa müddətdə 180 dərəcə dəyişmək mümkün olan bir şey deyil. Başqa sözüm yoxdur. Heyfslənirəm və yazığım gəlir. Yaxşı olar ki, mediada insanların sosial problemləri qabardılsın və bu nöqsanlara qarşı kampaniya aparılsın".

Xatırladaq ki, Xatırladaq ki, adıçəkilən yazıda Arzu Abdullayeva haqqında belə məlumat qeyd olunub: "Hüquq müdafiəçiləri Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Arzu Abdullayeva, Eldar Zeynalov - Leyla Yunus istisna olmaqla bunların hamısının fəaliyyətini Ədliyyə Nazirliyi və Milli Məclisin Beynəlxalq Məsələlər Komitəsinin sədri Səməd Seyidov koordinasiya edir".

Qeyd edək ki, virtualaz.org saytında Eynulla Fətullayevin müəllifi olduğu "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı məqalədə ölkənin bir sıra tanınmış müxalifət yönümlü media və ictimai xadimlərinin hakimiyyətlə əməkdaşlığı ilə bağlı məqamlar yer alıb.

Məhəmməd
AzNews.az