FHN: Bakıdakı partlayışda 4 nəfər yaralanıb

13 Fevral 2014 15:05 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi bu gün Azadlıq metrostansiyasının yaxınlığındakı partlayışla bağlı yeni məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Süleyman Sani Axundov küçəsində yerləşən ümumi sahəsi 600 kv.m olan yarımçıq tikilinin zirzəmi hissəsində partlayış hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, partlayışın təsirindən tikilinin dəmir-beton konstruksiyalı sütunları dağılmış, beton tavan çökmüş və bəzi yerlərdə açıq alov mənbəyi müşahidə olunub. Yanğın, yanğınsöndürənlər tərəfindən söndürülüb.

Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Əməliyyat saat 12:24-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

AzNews.az