İDEA yeni layihəsinə start verdi

13 Fevral 2014 19:06 (UTC+04:00)
İDEA İctimai Birliyi, "ASAN xidmət" və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi keçirilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə "Təbiətin qorunması üçün 10 mesaj" devizi ilə həyata keçirilir.

Aksiyada sadə vətəndaşların iştirakı da nəzərdə tutulub. Beləliklə, hər bir şəxs "ASAN xidmət" mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və kağız məhsullarını mütəmadi qaydada bura təhvil vermək mümkün olacaq. Hər 50 kiloqram kağız parçasına görə 1 ağacın əkilməsi planlaşdırılır.

APA TV-nin xəbərinə görə, keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının adı çəkilən mərkəzlərdə toplanması baş tutacaq. Bu məqsədlə ASAN xidmətin bütün mərkəzlərində simvolik ağac quraşdırılıb.

Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, məqsəd ekologiyanın, təbiətin qorunması üçün maarifləndirmə işi aparmaqdır.

Toplanan kağızları təqdim edən vətəndaşların hər birinə bir ağac təqdim ediləcək. İDEA İB-nin layihələr üzrə direktoru Anara İsmayılova deyib ki, layihə ilk etapda Bakı şəhərində həyata keçiriləcək. Martın sonuna qədər davam edəcək: "Daha sonra Balaxanı poliqonunu yaşıllaşdırmağa başlayacağıq".

Fevralın 13-dən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcək.


AzNews.az