“Fazil Mustafa Əkrəm Əylislinin yolunu tutub“- Qalmaqal

14 Fevral 2014 12:00 (UTC+04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov həmkarı Fazil Mustafanı antitürk mövqeyindən çıxış etməkdə ittiham edib.


AzNews.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında S. Novruzov F. Mustafanı yazıçı Əkrəm Əylisli ilə eyniləşdirib.

Buna səbəb F. Mustafanın mətbuatda gedən "Adamyeyənlər" yazısı olub: "Bir çoxları bu gün məhz Əkrəm Əylisli yolunu tutur. Artıq deputat həmkarımız onunla bir mövqedən çıxış edir. Bu da təsadüfi deyil. Çünki onlar bir yerdə oturub-durublar. Axı səni narazı salan nədir? Ölkədə bu qədər işlər görülür. Bunları necə görməmək olar? Həmin yazıda idmançıları hədəf götürürsən, qeyd edirsən ki, milli komandalarımızın əksəriyyəti legionerlərdən ibarətdir. Bu gün təriflədiyin Fransanın komandasını götürək.

Əgər orada 2 dənə ağ adamdan savayı ağdərili tapsan, mənə nə deyirsən, de. Hamısı başqa yerlərdən gələnlərdir. Və yaxud yolboyu divarların çəkilməsindən narazılığını bildirirsən. Bu təkcə bizdə deyil, dünyanın hər yerində belədir. Bu insanların təhlükəsizliyinin təmin edilməsi üçün edilir. Burada nə var ki?

Məktəbləri hədəf götürürsən. İldən-ilə gözəlləşən, sayı artan məktəblərlə bağlı narazılığını bildirirsən. Fikrini də əsaslandırmaq üçün hansısa məktəbdə su şırnağının olmamasını bildirirsən. Bu cür mövqe olmaz. Bu mövqeni heç cür qəbul etmək olmaz".

Azər
AzNews.az