Bakıdakı iki partlayışla bağlı RƏSMİ məlumat

14 Fevral 2014 12:40 (UTC+04:00)
Daxili İşlər Nazirliyi fevralın 13-də Bakıda baş verən partlayışlarla bağlı rəsmi məlumat yayıb.


AzNews.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Binəqədi rayonu S.S.Axundov küçəsində istifadə olunmayan yarımçıq tikilidə təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə tikili dağıldığından yaxınlıqdakı ticarət obyektlərinin və yaşayış evlərinin şüşələri sınmış, Azad Möhbalıyevə məxsus "Mercedes" markalı avtomobilə qismən ziyan dəymiş, xəsarət almış Bakı şəhər sakinləri Fillurə Budaqovaya, Afiyyət İbadovaya, Tamella Səfərovaya, Şücayət Qədimovaya və Tərlan Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Məlumatda həmçinin qeyd olunur ki, fevralın 13-də saat 16 radələrində Xətai rayonu R.Quliyev küçəsində yerləşən "LUKOİL" yanacaqdoldurma məntəqəsinə məxsus çəndə qaynaq işləri aparılarkən partlayış baş verib. Nəticədə qaynaqçı Şamxal Orucov və fəhlələrdən Həsrət İmamverdiyev ölmüş, digər fəhlə Həşim Turabova xəstəxanada ilkin tibbi yardım göstərilib.

AzNews.az