Fazil Mustafa YAP-çı deputatı Prezidentin əleyhinə getməkdə suçladı

14 Fevral 2014 13:04 (UTC+04:00)
Milli Məclisin deputatı Fazil Mustafa həmkarı Siyavuş Novruzovun "Adamyeyənlər" yazısı ilə əlaqədar tənqidini cavablandırıb. AzNews.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında danışan F. Mustafa deputat həmkarına xitabən deyib ki, bəziləri ölkədə bütün işlərin qaydasında olduğunu düşünür: "Həmkarımın da məsələlərə münasibəti mən təəccübləndirdi. Ölkə başçısı müşavirədə deyir ki, mən xalqın xidmətçisiyəm, bu ölkənin əsas problemlərindən biri də korrupsiyadır. Bu məsələdə cəmiyyətin fəallığı özünü göstərməlidir ki, problem yavaş-yavaş aradan qalxsın. Özünü xalqın xidmətçisi hesab edən prezidentin əksinə olaraq, bizim bəzi həmkarlarımız özlərini hansısa məmur qruplarının xidmətçisi kimi göstərməyə çalışır".

F. Mustafa əlavə edib ki, tənqid neqativ hallarının aradan qaldırılması üçün edilir: "Korrupsiya hər ölkədə var. Amma Allahsızlıq deyilən bir termin var. Yəni elə məsələlər olur ki, mütləq danışmaq lazımdır. Biz nə deyirik? Binaları bu qədər üzlük çəkilib bu vəziyyətə gətirməyin nə mənası var? Tənqid dövlətin xeyrinədir. Prezident də deyib ki, harada problem varsa, göstərin onun üzərinə gedilsin. Ona görə də biz deyirik ki, nəyinsə bu qədər Allahsız formada dağıdılması özü adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi, onun müdafiəçisi kimi çıxış edilməsinə təəccüblənmirəm. Çünki artıq bu, ənənəyə çevrilib. Bizim yazılara da bu formada təhlil etmək yersizdir".

AzNews.az