Ermənilər Qarabağ müharibəsi haqda film çəkirlər

15 Fevral 2014 11:33 (UTC+04:00)
Ermənilər I Qarabağ müharibəsi haqda yeni film çəkirlər.

Anspress-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, rejissoru Civan Avetisyan olan "Tevanik" adlı ekran əsəri Ermənistan-Litva birgə istehsalı olacaq. Ermənilərin məzlum, azərbaycanlıların isə aqressor kimi göstərildiyi ekran əsərinin ssenari müəllifi Arnold Aqababovdur.

Filmin may ayınadək ekranlara çıxacağı gözlənilir. Filmə litvalı bəstəkar Yonas Yurkunas musiqi yazıb. Musiqini Litva Opera və Balet Teatrının "Xover" xoru səsləndirəcək. Filmin Kann kinofestivalında nümayişi də nəzərdə tutulub.

Məsələ ilə bağlı Azərbaycan XİN-dən açıqlama verilib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, məsələnin araşdırılması üçün Azərbaycanın Litvadakı səfirliyinə tapşırıq veriləcək. Mədəniyyət və Turizm Nazirliyi də filmin Kann kinofestivalına çıxarılması və ekran əsərinin ərsəyə gəlməsində Litva yaradıcı heyətinin iştirakının araşdırılacağı bildirilib.


AzNews.az