Əfv fərmanı olacağı gözlənilir- Novruzda

16 Fevral 2014 10:06 (UTC+04:00)
Azərbaycanda Novruz bayramı ərəfəsində əfv olacaq.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət həbsxanalarda dustaqların məhkəmə hökmlərinin toplamağa başlayıb. Əfv fərmanın hazırlıq bağlı məhkumların cinayət işi materialları, məhkəmə qətnamələri yığılır.

Dustaqların məhkəmə hökmlərinin yığılması barədə xəbər verən şəxs deyir ki, Novruzda əfv olacağı gözlənilir. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu da prezidentə əfvlə bağlı məktub göndərməyə hazırlaşır.

Müraciətdə siyasi və vicdan məhbuslarının azadlığa buraxılması xahiş olunur. Monitorinq Qrupunun siyahısında 10 siyasi məhbusun adı var, 15 məhbusun isə məhkəmə prosesi davam edir. Məlumatda deyilir ki, dustaqların məhkəmə hökmlərinin toplanması əfvlə bağlı işlərin başlanması deməkdir və çox güman ki, Əfv Komissiyasına təqdim olunacaq.

Bu məlumatı təsdiqləyən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Yeni Müsavat"a bildirib ki, prezidentə göndərdikləri siyahını mətbuata təqdim edəcəklər: "İnşallah, martda əfv olacaq. Gözləntimiz var və prezidentə də məktub yazmışıq. Həmin siyahı mətbuatda dərc olunacaq. Təbii ki, arzumuz vicdan məhbuslarının, siyasi məhbusların azadlığa çıxmasıdır".

Məhkəmə hökmü olan siyasi məhbuslardan "Tolışi Sədo" qəzetinin baş redaktoru Hilal Məmmədov, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, siyasətçi Nemət Pənahlı, sabiq səhiyyə naziri Əli İnsanov, hüquqşünas Qurban Məmmədov, Müsavatın başqan müşaviri Yagidar Sadıqovun adlarını qeyd etmək olar. Həmçinin bloggerlər, inanclı məhbuslar, İslam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı Taleh Bağırov, Abgül Süleymanov siyasi məhbuslar sırasındadır.

Məhkəməsi davam edən Müsavat başqanının müavini Tofiq Yaqublu, REAL sədri İlqar Məmmədov, NİDA Vətəndaş Hərəkatı üzvləri var.

Hüquq müdafiəçilərinin fikrincə, barəsində məhkəmə hökmü olmayan məhbusların əfv edilməsi mümkündür. Bu, dövlət başçısının iradəsindən asılıdır.

AzNews.az