Şahin Mustafayev nazirlik işçilərinə tapşırıq verdi- Müşavirədə

17 Fevral 2014 14:35 (UTC+04:00)
İqtisadiyyat və Sənaye Nazirliyində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısının verdiyi tapşırıqların icrasına dair geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Biznes Mərkəzində keçirilmiş müşavirədə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev son 10 ildə ölkəmizin sosial-iqtisadi inkişaf göstəricilərini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırıb və vurğulayıb ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda dövlət başçısı proqram xarakterli çıxışında görülmüş işlərə yekun vurub, qarşıdakı illər üçün iqtisadi inkişafın prioritetlərini müəyyən edib, müvafiq qurumlar, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirib.

Belə ki, konfransda Prezident İlham Əliyev növbəti illərdə də makroiqtisadi sabitliyin qorunub saxlanması, sürətli inkişaf tempinin təmin edilməsi, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənayedə infrastruktur layihələrinin icrası, ən müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılması, enerji potensialının daha da artırılması, yeni elektrik stansiyalarının tikintisi, elektrik verilişi xətlərinin yenilənməsi, bərpa olunan enerji növlərinə diqqətin artırılması, bütün kəndlərdə asfalt yolların salınması, şəhər və kəndlərdə yeni su xətlərinin çəkilməsi, kanalizasiya sisteminin qurulması, Bakıda, eləcə də digər şəhər və kəndlərdə su təminatının 100%-ə, qazlaşdırma səviyyəsinin isə 95-96%-ə çatdırılması, sahibkarlığın inkişafına dəstəyin gücləndirilməsi, regionlarda sosial infrastrukturun - məktəb, xəstəxana, mədəniyyət müəssisələrinin, idman obyektlərinin tikintisinin davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi və s. barədə mühüm tapşırıqlar verib.

2014-cü ilin "Sənaye ili" elan edilməsinin ölkəmizdə sənayeləşməyə dövlət başçısı tərəfindən göstərilən böyük diqqətin göstəricisi olduğunu vurğulayan Ş.Mustafayev bu istiqamətdə qarşıya mühüm vəzifələrin qoyulduğunu diqqətə çatdırıb. Belə ki, konfransda Azərbaycan Prezidenti sənayenin inkişafına xüsusi diqqət göstərilməsi, Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların, şəhər və rayonlarda infrastrukturla təmin olunmuş sənaye məhəllələrinin yaradılması istiqamətində tapşırıqlar verib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən olacaq. Bu sahənin intensiv və elmi əsaslarla inkişaf etdirilməsi, müasir və mütərəqqi metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat və torpaqların elektron uçot sisteminin qurulması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, iri fermer təsərrüfatlarının, aqroparkların yaradılması, Azərbaycanda və xarici ölkələrdə logistik mərkəzlərinin təşkil edilməsi, ailə fermer təsərrüfatlarına diqqətin artırılması barədə konkret tapşırıqlar verilib. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, özünü təminetmə səviyyəsinin yüksəldilməsini də vəzifə olaraq müəyyənləşdirib.

Konfransda Taxtakörpü və Şəmkirçay su anbarlarının və kanallarının tikintisi nəticəsində dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullar barədə aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq məlumatların hazırlanaraq dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Nazir konfransda dövlət başçısı tərəfindən fermerlərin istehsal etdikləri məhsulların satışına dövlət dəstəyinin göstərilməsi, daxili bazarın qorunması, yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığın azaldılması, ixracyönümlü məhsulların istehsalının prioritet olaraq saxlanması, yeni bazarlara çıxışın təmin olunması, xaricdən idxal olunan məhsullara ciddi nəzarət olunması barədə müvafiq tapşırıqlar verildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev cənub və qərb zonalarının, Naxçıvan Muxtar Respublikasının turizm potensialının reallaşdırılması istiqamətində işlərin görülməsi, ətraf mühitin qorunması, Bakının və Abşeron yarımadasının tullantılardan təmizlənməsi, yeni açılan müəssisələrin ən yüksək ekoloji standartlara cavab verməsini vəzifə olaraq müəyyənləşdirib.

Dövlət başçısı Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə 3-cü dövlət proqramının hazırlanması, yeni proqramda regionların inkişafına dair bütün məsələlərin nəzərə alınması barədə tapşırıq verib.
Azərbaycan Prezidenti çıxışında vətəndaşlarla münasibətdə həssaslığa, vətəndaş müraciətlərinə xüsusi diqqət göstərilməsinə böyük önəm verib, bu məsələnin hər bir dövlət məmurunun başlıca vəzifəsi olduğunu vurğulayıb.

Nazirliyin müşavirəsində Ş.Mustafayev dövlət başçısının Azərbaycan iqtisadiyyatının bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışında İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyduğu vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün konkret tapşırıqlar verib. Müəyyən edilmiş vəzifələrə uyğun olaraq, nazirlik tərəfindən infrastruktur layihələrinin icrasına, sosial obyektlərin tikintisinə nəzarət daha da gücləndiriləcək, əhalinin kommunal xidmətlərlə daha keyfiyyətli təminatı tədbirləri davam etdiriləcək.

Sənaye potensialının artırılması tədbirləri həyata keçiriləcək, Sumqayıt və Balaxanı sənaye parklarında işlər sürətləndiriləcək, spesifik xüsusiyyətləri, xammal ehtiyatları nəzərə alınmaqla (xüsusilə metallurgiya, yüngül sənaye və s. sahələrdə) Gəncə, Sumqayıt və Mingəçevirdə texnoparkların təşkili, şəhər və rayonlarda sənaye məhəllələrinin yaradılması təmin ediləcək.

Nazirliyin aidiyyəti qurumları tərəfindən yeni bazarlara çıxış imkanları dərindən təhlil ediləcək, iri taxılçılıq təsərrüfatlarının yaradılmasına diqqət daha da artırılacaq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünü təminetmə səviyyəsinin yüksəldilməsi üçün fermer təsərrüfatlarının yaradılmasına dəstək tədbirləri gücləndiriləcək, istehlak bazarına nəzarətin səmərəliliyi yüksəldiləcək. Regionlarda və paytaxta yaxın ərazilərdə yeni logistik mərkəzlər yaradılacaq, eləcə də yerli məhsulların ixracının genişləndirilməsi məqsədilə digər ölkələrdə bu cür mərkəzlərin yaradılması imkanları araşdırılacaq, Aktauda logistik mərkəzin təşkili xüsusi diqqətdə saxlanılacaq.

Yeni dövriyyəyə buraxılacaq torpaqlar, bu torpaqlarda yetişdirilməsi məqsədəuyğun hesab olunan məhsullarla bağlı müvafiq təhlillər aparılmaqla aidiyyəti dövlət qurumları ilə birlikdə təkliflər hazırlanacaq.
Aparılmış təhlillər və bölgələrdən daxil olmuş təkliflər də nəzərə alınmaqla yeni dövlət proqramının hazırlanmasının ən qısa müddətdə başa çatdırılması barədə Nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Müşavirədə Ş.Mustafayev dövlət başçısı tərəfindən məmur-vətəndaş münasibətlərinə xüsusi diqqət göstəridiyini vurğulayaraq, nazirliyə müraciət edən vətəndaşların qaldırdığı məsələlərin daha diqqətlə öyrənilməsi və həlli üçün operativ tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar verib.

Geniş müşavirədə nazirliyin qurumlarının rəhbərləri çıxış etmiş, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi üçün konkret müddət və icraçılar göstərilməklə Tədbirlər Planının hazırlanması, nəzərdə tutulan işlərin gedişi barədə nazirliyin strukturlarının mütəmadi olaraq hesabatlarının dinlənilməsi qərara alınıb.

AzNews.az