Azərbaycanlı xanəndə ABŞ-a gedir

17 Fevral 2014 15:23 (UTC+04:00)
Xanəndə Qocaq Əsgərov Texasda keçiriləcək "Amerika Cənub-Qərb Dünya Musiqisi Festivalı"ına dəvət olunub.

Hər ölkənin qrup şəklində qatılacağı festivalda azərbaycanlı xanəndənin iştirak edib-etməyəcəyi bəlli deyil.

Qocağın dünya miqyaslı müsabiqələrdə qalib olduğunu bilən təşkilatçılar xanəndəyə festival müddətində 3 geniş konsert proqramı ilə çıxış etmək imkanı yaratsalar da, maliyyə problemi səbəbindən azərbaycanlı heyətin festivala qatılıb-qatılmayacağı sual altındadır.

"Ermənistan kimi kasıb ölkə pul tapıb öz qrupunu həmin festivala göndərə bilib. Artıq ermənilərin promo-turları başlayıb. Biz isə heç vizamızı ala bilməmişik. Bu, silsilə şəklində, bir çox ölkələrə səs salan geniş bir layihədir. İştirakçılar kor-təbbi seçilmir.

Onlar səs yazılarımı dinləyib, müsabiqələrdə uğurumu biləndən sonra ən böyük şansı mənə verdilər. Amma bu şansı dəyərləndirə bilmirik. Bir neçə əlaqədar təşkilatlara müraciət olunsa da, müsbət cavab ala bilməmişik. Təşkilat komitəsi isə bizdən cavab gözləyir.

Mənim martın 12-də ilk konsertimin hazırlıqları gedir. Amma biz onlara "gələ bilmirik" sözün deyə bilmirik. Hər üç konsertdə muğamlarımız səslənməlidir. Bunu isə əksəriyyət ölkələr dinləyəcək. Səs yazısı yayılacaq.

Bütün xərclər 10 min manat təşkil edir. Biz musiqiçilərin elə bir gəlir yeri yoxdu ki, bunu öz büdcəmiz hesabına həll edək. Yenicə öyrənmişik ki, ermənilərlə yanaşı İran, Türkiyə təmşilçiləri də bəlli olub və iştirakı təsdiqlənib" - deyə xanəndə bildirib.

AzNews.az