Aqil Abbas: “Qarabağdan bəhs edən yeni film hazırlayırıq”

17 Fevral 2014 17:00 (UTC+04:00)
Millət vəkili, yazıçı-jurnalist Aqil Abbasın AzNews.az-a müsahibəsi:


- Xocalı faciəsinin ildönümünə sayılı günlər qalıb. Amma hələ də bu faciənin reallıqlarını özündə əks etdirən bir film yoxdur. Qarabağ döyüşlərindən silsilə yazılar yazan, hətta filim çəkən bir şəxs kimi Xocalı ilə bağlı hansısa bir planınız varmı?


- Yeni bir ssenari yazmışım. Həmin ssenarini Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim. Yəqin ki, həmin ssenari qəbul olunacaq. Ssenaridə nə yazmışamsa, onun haqqında qabaqcadan məlumat vermək istəmirəm. Amma bircə onu deyə bilərəm ki, mənim ssenarimlə Qarabağla bağlı yeni film hazırlanacaq. Mən əlimdən gələni etmişəm. Amma inanmıram ki, bu ssenari "Dolu"nu keçə bilə.

Səmimi etiraf edirəm ki, mən "Dolu"dan yaxşı əsər yaza bilməyəcəm. Bəli, yaza bilməyəcəm.

- Səbəb nədir?


- Çünki mənim ürəyim "Dolu"dadır. "Dolu"dan sonra bir kitabım da işıq üzü gördü. Onun haqqında hamı da yazdı. Amma mən "Dolu" qədər səs-küyə səbəb olmadı. Beynimdə bir şey var, onu yazsam, bəlkə nəsə alınar. Yenə də deyirəm, "Dolu"dan sonra heç nə yaza bilməyəcəm.

"Dolu" mənim həyatımdır. "Dolu" həmçinin Qarabağın həyatıdır. Qarabağ hadisələrini məndən yaxşı yazan ikinci bir adam olsa, mən yazıçılıqdan istefa verərəm.

- "Dolu" necə ölkənin səhnəsində nümayiş olundu?


-Macarıstan, Türkiyə, Ukrayna, Kipr, Rusiya və ölkələrdə nümayiş olunub. İndi də Yunis Oğuzun hesabına Orta Asiyaya, Daşkəndə gedir. Hazırda isə film ingilis dilinə tərcümə olunur. Türk dilinə, rus dilinə tərcümə olunub. Hələ bundan sonra ərəb və fars dillərinə tərcümə olunacaq. Yəni, belə fikrimiz var. Hələ ki, işlər bu səviyyədədir.

- Bütün bu işlərin maliyyəsi kimin, hansı qurumun öhdəsindədir?


- Bütün işlərin maliyyəsi dövlət tərəfindən ödənilir. Mənim ona pulum çatmaz.

- Bəs, "Dolu" yuxarıda adları çəkilən ölkələrin telekanallarında da nümayiş olunub?


- Onu televiziyada nümayiş etdirmək qadağandır. İki kanal bunu edib. Biri Ukraynanın birinci kanalı, ikincisi, isə Dənizli şəhərində bir kanal var, onlar yayıblar. Əslində onların ikisi də qanunu pozub. Biz istəyirik ki, bu filmi Türkiyə televiziyası yaysın. Çünki türk dilini hamı qəbul edib. Amma bu məndən asılı məsələ deyil. Kinostudiyanın öz qanunları var.

Bu, dünyada qəbul olunan bir qanundur. Amma "Dolu"nun ekranlara çıxışı maliyyə məsələsi ilə bağlı deyil. "Dolu" Azərbaycanın təxminən 45 rayonunda nümayiş olunub. Ara günlər də isə həmin rayonların kinoteatrlarında bu film nümayiş olunub. Hamısı da pulsuz, parasız.

Belə bir qərar qəbul edilib ki, "Dolu"dan dövlət pul qazanmasın. Bütün təqdimatlar pulsuzdur. Mən Qarabağla bağlı film çəkmişəm ki, oradan pul qazanam? Azərbaycan dövləti bu qədər kasıb düşüb ki, şəhidlər haqqında çəkdiyi filmdən pul qazansın? Ona görə Kinematoqrafiya İttifaqının sədri Şəfiqə Məmmədova qərar qəbul etdi ki, bu film məkanından asılı olmayaraq, pulsuz göstərilməlidir.

Ağcabədi rayonunda bu filmə 3 min tamaşaçı baxıb. Bizə elə pul lazım deyil. Film prezidentin pulu ilə çəkilib. Niyə biz oradan pul qazanaq? Nə haqla?

- Qarabağ həqiqətlərini özündə əks etdirən ikinci filminiz nə vaxt hazır olar?


-Dəqiq vaxt demək çətindir. Amma yəqin ki, bir ildə çox vaxt lazım olacaq.

Bahar Rüstəmli
AzNews.az