Qaçırılan təyyarə haqda yeni detallar - VİDEO

17 Fevral 2014 20:35 (UTC+04:00)
İtaliya prezidenti Corco Napolitano Florensiya şəhərinin meri, "Demokrat" partiyasının baş katibi Matteo Rentsiyə yeni hökuməti formalaşdırmağı həvalə edib.

Ötən ilki parlament seçkilərindən sonra hökuməti formalaşdırmış baş nazir Enriko Letta cəmi on aydan sonra ötən həftənin sonu istefa verib. 39 yaşlı Matteo Rentsi 2013-cü ilin dekabr ayında "Demokrat" partiyasının baş katibi seçilib və dəfələrlə yaşlı siyasətçilərin öz yerini gənclərə verməli olduğunu bəyan edib.

İsveçrə səmasında "Efiopian Eyrlaynz" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qaçırılması cəhdi ilə bağlı təfərrüatlar məlum olub. "Asoşieytid Press" agentliyinin məlumatına görə, sərnişin təyyarəsini qaçırmağa cəhd edən şəxsin kimliyi müəyyənləşib. Bu, təyyarənin ikinci pilotu olub.

Təyyarənin ikinci pilotu əsas pilotun kabinədən çıxdığı vaxt planını həyata keçirməyə çalışıb, Boinq 767-300 tipli təyyarə Efiopiyanın paytaxtından Romaya uçurmuş. Təyyarənin pilotu Cenevrə hava limanının dispetçerləri ilə əlaqə yaradaraq, təyyarənin ələ keçirildiyini bildirib. Bir müddət sonra təyyarə Cenevrə hava limanına məcburi eniş edib. Eniş İsveçrəyə məxsus hərbi təyyarələrin müşayiəti ilə baş tutub.

Cenevrə hava limanının icraçı direktoru Robert Dellion: "Pilot kabinədə olmayanda ikinci pilot kabinənin qapısını bağlayıb və yalnız təyyarə Cenevrəyə çatandan sonra kabinənin pəncərəsini açaraq, kəndirlə aşağı düşüb və dərhal həbs edilib. 1983-cü il təvəllüdlü həmin şəxs vətəni Efiopiyada təqib edildiyini bildirib və İsveçrədən siyasi sığınacaq istəyib. Təyyarəni qaçırmasının motivi də bu olub."

Təyyarə Sudan səmasında olarkən ələ keçirilib. Göyərtədə 140 İtaliya vətəndaşı olmaqla, 200 sərnişin olub. Bütün sərnişinlər dərhal təyyarədən çıxarılıb və təhlükəsiz yerə aparılıb. Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Hadisə ilə əlaqədar Cenevrə hava limanı müvəqqəti olaraq bağlansa da, hazırda işini bərpa edib.





AzNews.az