“Azərbaycan işğalçı ölkədən əl çəkən deyil” – Komitə sədri

18 Fevral 2014 11:44 (UTC+04:00)

"Azərbaycan Ermənistan tərəfindən işğal edilən torpaqların alınmasına nail olacaq".


AzNews.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən "Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır: "Xocalıya Ədalət" adlı konfransda çıxışı zamanı bildirib. O deyib ki, ərazilərimiz erməni işğalından azad olunduqdan sonra şəhidlərimizin ruhu şad olacaq, qaçqın və məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına geri qayıdacaqlar: "Bu gün Ermənistan aclıq-səfalət içindədir. Ermənistan Azərbaycanın böyük layihələrindən məhrum olub. Onların hökumətləri artıq öz xalqının rifahını düşünməlidir. Ölkənin yarısı iqtisadi səbəblərdən ölkədən kütləvi şəkildə gedir. Amma Azərbaycan isə sürətlə inkişaf edir. Ordusu, iqtisadiyyatı, dünyada nüfuzu güclənir və ən əsası əhalinin güzəranı getdikcə daha da yaxşılaşır. Bu da əlbəttə ki, ölkə başçısının apardığı düzgün siyasətin nəticəsidir".

E. İskəndərov dünyada aparılan "Xocalıya Ədalət" kampaniyasından da söz açıb: "Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada "Xocalıya Ədalət" Kampaniyası aparılır. Bu kampaniya çərçivəsində dünyanın əksər ölkələri, parlamentləri, beynəlxalq təşkilatlar bu faciəni tanıyır və bununla bağlı qətnamə qəbul ediblər. Dünyanın haqqsevər sakinləri də bu yolda Azərbaycana dəstək olur. Hesab edirik ki, bu təbliğat və Azərbaycan xalqının haqq səsi bütün dünya ölkələrinə çatdırılması istiqamətində işlər davam etdiriləcək. Ermənilərin bu faciəni özləri etiraf etməyincə, torpaqlarımız azad olunmayınca Azərbaycan xalqı işğalçı ölkədən əl çəkən deyil".

Amid
AzNews.az