“Xədicə İsmayıl Əli Kərimlinin tapşırığı ilə hərəkət edir“

18 Fevral 2014 15:54 (UTC+04:00)
Xədicə İsmayılova birmənalı olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə bağlı adamdır və hər zaman onun tapşırığı ilə hərəkət edir.

Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı jurnalist X.İsmayılovanın hazırladığı "hakimiyyətə çalışan siyasətçilərin və ictimai fəalların siyahısı"na münasibət bildirərkən deyib.

F.Ağamalı bildirib ki, hər zaman Ə.Kərimliyə rəqib kimi tanınan, Ə.Kərimli ilə zaman-zaman bu və ya digər şəkildə münasibətlərdə kəskin anlar yaşayan adamların adlarının bu siyahıya daxil olmasında şübhəsiz ki, Ə.Kərimlinin əli var: "Burada həmin insanları həm Azərbaycan cəmiyyətində gözdən salmaq, həm də qərbdə Əli Kərimli haqqında daha müsbət imic, barışmaz müxalifət lideri imicini yaratmaq məqsədi güdülür".

O, hesab edir ki, X.İsmayılovanın bu siyahını nə cür əldə etməsi araşdırmalı və buna hüquqi qiymət verilməlidir: "Xədicə İsmayılovanın xarici xidmət orqanlarına vermiş olduğu məlumatların görünən tərəfi budur. Onun görünməyən tərəfləri daha təhlükəli ola bilər. Yəni o, Azərbaycan dövlətçiliyinin əleyhinə digər məlumatlar da ötürmüş ola bilər. Bunu araşdırmaq lazımdır. Təbii ki, bütün bunlar cinayət tərkiblidir".

F.Ağamalı bu işdə və digər məlumatların ötürülməsində hüquq müdafiəçisi Leyla Yunusun da əlinin olmasını istisna etmir:

"Azərbaycanın demokratik mühitindən istifadə edib ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarına xidmət edən şəxslərin ifşa olunmasını bundan sonra daha da sürətləndirmək lazımdır. Onlara hər hansı güzəşt tətbiq etmək olmaz. Biri qeyri-hökumət təşkilatı, biri jurnalist adı altında gizlənərək Azərbaycana qarşı durur, Azərbaycanı zəiflətməyə çalışır, Azərbaycana düşmən münasibəti bəsləyən ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının agenti kimi fəaliyyət göstərirlər".

Onun sözlərinə görə, L.Yunus birbaşa Ermənistan kəşfiyyatına xidmət edən bir şəxsdir: "Onun bu fəaliyyətinə də hüquqi qiymət verilməlidir. Bu insanlara qarşı sərt mövqe nümayiş etdirmək lazımdır. Leyla Yunus açıq şəkildə, heç kimdən çəkinmədən Azərbaycanın əleyhinə antimilli koalisiyanın ən aparıcı şəxslərindən biridir".

Qeyd edək ki, X.İsmayılovanın ABŞ tədqiqatçılarına hesabat hazırlaması barədə məlumat yayılıb. Hesabatda Azərbaycanın müxalifət düşərgəsində bir sıra siyasətçilərin, jurnalistlərin, ictimai fəalların hakimiyyət tərəfindən idarə olunduğu bildirilir.

AzNews.az