Kiyevdə ölənlərin sayı 6 nəfərə çatdı - YENİLƏNİB, CANLI YAYIM

18 Fevral 2014 20:07 (UTC+04:00)
Kiyevdə ölənlərin sayı 6 nəfərə çatdı.

Ukraynanın paytaxtı Kiyev şəhərində sanki müharibə gedir. Bütün bunlar Kiyevdən canlı yayımlanan videolardan da aydınca görsənir. Müxalifətin əsas tələbi 2004-cü ildə qəbul edilmiş ölkə Konstitusiyasına qayıtmaqdır. Milislər müxalifət nümayəndələrini Ali Radanın binasına buraxmayıblar. Ona görə də hadisələr daha da gərginləşib və bir çox inzibati binaların tutulması haqda informasiyalar yayılır.



18.24

"Kiyevdə mitinqçilər ofisləri darmadağın edir, tüstü şaşkaları atır və asayiş keşikçilərinə odlu silahdan atəş açırlar".

ANS PRESS-in verdiyi məlumata görə, bu informasiyanı Ukrayna Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının mətbuat xidmətinin rəisi Viktoriya Kuşnir yayıb. Onun sözlərinə görə, Kiyevdə iğtişaş iştirakçıları şəhərin mərkəzində yerləşən ofislərin pəncərələrinə tüstü şaşkaları atırlar. İnsanlar özlərini eyvanlardan tullayırlar.

O, əlavə edib ki, daxili qoşunların döyüşçüləri yıxılıb əzilən insanlara kömək edirlər.

Ultra-radikallar Ukrayna Regionlar Partiyasının Lipskaya küçəsindəki ofisinə içində "Molotov kokteyli" olan butulka atıblar. Nəticədə yanğın baş verib.

DİN-dən isə bildiriblər ki, mitinqçilər asayiş keşikçilərinə odlu silahdan atəş açmışlar.

Alınan son məlumata görə, etirazçılar Kiyev şəhər admistrasiyasının binasını ələ keçirib. Hazırda onlar binanın yaxınlığında baş vermiş yanğını söndürməyə çalışırlar.(ANS)