Rauf Arifoğlu prokurorluğa çağırıldı- Foto

18 Fevral 2014 17:30 (UTC+04:00)
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Başı şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağırıldığını da deyib.


Aydın olur ki, baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün musavat.com saytında gedən "Günün fotosu: harın oğulun qəzası" başlıqlı yazıdır. Həmin yazıda "Mersedes-Gallendvagen" markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

Musavat.com bu qeydləri edərkən qəzaya düşən və dövlət nömrə nişanı açılaraq aparılmış avtomobilin şəklini versə də, əlində olan informasiyaya baxmayaraq, nömrə nişanını göstərməmişdi.

İndi qeyd edək ki, həmin maşının dövlət nömrə nişanı 90 DD 065-dir. Əgər prokurorluq və ya hansısa dövlət qurumu maşınının sürücüsünün kimliyini tapmaq istəyirsə, bu informasiyalardan çıxış edə bilər. Yox, əgər təkzib vermək istəyirlərsə, bunu da edə bilərlər, avtomobilin əslində kimə məxsus olduğunu bildirərək düzəliş vermək kifayətdir.

Bu mövzuda musavat.com-a açıqlama verən R.Arifoğlu bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: "Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm".