Ukraynadakı ixtişaşların VİDEOSU: Tərəflər razılığa gələ bilmədi

19 Fevral 2014 08:38 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyevdə etirazçılarla polis arasında kütləvi ixtişaşlar davam edir.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, Kiyev xəstəxanalarının əməliyyat otaqlarında növbə yaranıb. Gecə saatlarında baş verən qarşıdurmada 27 nəfərin öldüyü, 500-ə yaxın adamın yaralandığı bildirilir. Xəsarət alan və dünyasını dəyişənlərlə bağlı əlavə məlumatların olacağı da Ukrayna mətbuatında yer alıb.

Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Viktor Yanukoviç və müxalifət nümayəndələri danışıqlar zamanı Kiyevdəki vəziyyətlə bağlı anlaşma əldə edə bilməyib. Müxalifətdə olan "Udar" partiyasının lideri Vitali Kliçko mətbuata açıqlamasında bildirib ki, V. Yanukoviç baş verənlərə yetərli reaksiya vermir: "Düşünürəm ki, hakimiyyət qüvvələri geri çəkməli və qanlı qarşıdurmaya son qoymalıdır. Çünki baş verən hadisələrdə çoxlu sayda insan tələfatı var.Görüşdə bunu Yanukoviçə də bildirdim". V. Kliçko qeyd edib ki, qanlı toqquşmalar davam edən müddətdə heç bir barışıqdan söhbət gedə bilməz.

Xatırladaq ki, son iki gündür Ukraynanın bir sıra şəhərlərində, əsasən də, Kiyevdə hökümətin aksiyalara son qoyulması ilə bağlı tələbi etirazla qarşılanıb.

Fevralın 17-si axşam saatlarından başlayan aksiyaların dayandırılması tələblərinə riayət etməyən müxalifət qüvvələri ilə hüquq mühafizə orqanları arasında toqquşma baş verib.

Dünən axşam saatlarından isə qarşıdurma kəskin vəziyyət alıb. Nəticədə xeyli sayda ölən və yaralanan var. Qeyd edək ki, hazırda da Kiyev və Ukraynanın digər böyük şəhərlərində hökümət əleyhinə aksiyalar davam etdirilir.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Xəyalə Məmmədova
AzNews.az