Səlim Müslümov: “...hökumətin bütün vasitələrindən istifadə edirik“

19 Fevral 2014 12:25 (UTC+04:00)
Fevralın 19-da Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) məşğulluq məsələləri üzrə baş mütəxəssisi Olqa Kulayevanı və texniki məsələlər üzrə baş müşaviri Mixayil Puçkini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə S.Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə makroiqtisadi sabitliyin və vətəndaş firavanlığının təminatı, insan kapitalının inkişafı istiqamətində aparılan siyasət və əldə olunan nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.

Nazir bildirib ki, milli iqtisadiyyatın son 10 ildə 3 dəfədən çox artdığı Azərbaycanda 900 mini daimi olmaqla 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluq təxminən 10 dəfə azalaraq 5,3 faizə enib: "Qarşıya qoyulan əsas məqsədlərdən biri də gənclərin potensial imkanlarından tam istifadə üçün lazımi şəraitin yaradılması, onların məşğulluğunun təmin edilməsi və müasir dövrün tələblərinə cavab verən çevik gənc kadr potensialının formalaşdırılmasıdır".

Respublikada gənclərin məşğulluğunun, həmçinin əmək bazarına daxil olan gənc işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin, peşə-ixtisas təhsili sistemi ilə əmək bazarı arasında uyğunluğun təmin olunmasının daim diqqətdə saxlanıldığını vurğulayan S.Müslümov gənclərin səmərəli məşğulluğunun təmin edilməsi və bütövlükdə gənclərin problemlərinin həllində hökumətin bütün vasitələrdən istifadə etdiyini qeyd edib.

Nazir bildirib ki, bununla bağlı gənc mütəxəssisləri işlə təmin edən işəgötürənləri həvəsləndirmək üçün müvafiq vasitələrdən istifadə olunmaqla maliyyə və vergi güzəştlərinin tətbiqi mexanizminin yaradılması, təhsil sisteminin işəgötürənlərin iqtisadiyyatın inkişafı ilə bağlı artan tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrində peşəyönümü işinin gücləndirilməsi, fasiləsiz təhsilin təmin edilməsi, gənclər üçün əmək yarmarkalarının və əmək birjalarının yaradılması və digər tədbirlərin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

S.Müslümov qeyd olunan sahədə aparılan fəal işlərin nəticəsi kimi, son illərdə Azərbaycanın dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına daxil edildiyini diqqətə çatdırıb.
Görüşdə əhalinin, o cümlədən gənclərin məşğulluğunun təminatı sahəsində BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsindən söz açılıb. Qeyd olunub ki, ötən müddətdə Azərbaycan bu təşkilatın çoxsaylı Konvensiyalarına qoşulub, bu sənədlərdən irəli gələn müddəalar əsasında milli qanunvericiliyini mütərəqqi beynəlxalq standartlara uyğun təkmilləşdirib.

Xüsusən də ölkəmiz layiqli əməyin təminatı ilə bağlı əməkdaşlıqda BƏT üçün strateji önəm kəsb edən bir ölkəyə çevrilib.

Aparılan müzakirələr zamanı gənclərin məşğulluğunun təmin edilməsi sahəsində gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib. Eyni zamanda, ölkəmizlə BƏT arasında əməkdaşlığın davamı kimi, Azərbaycanda "MDB-də Gənclərin Məşğulluğu üzrə Tərəfdaşlıq" adlı Texniki Əməkdaşlıq layihəsinin həyata keçirilməsi, o cümlədən qeyd olunan Layihənin icrası üzrə İş Planı, gənclərə yönəlmiş aktiv əmək bazarı proqramları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az