İsgəndər Həmidovun qardaşı oğlu saxlanıldı- FOTOLAR

19 Fevral 2014 14:08 (UTC+04:00)
Gənc repçi mülki geyimli şəxslər tərəfindən naməlum istiqamətə aparılıb

Fevralın 16-da Bakıda "Vətən" kinoteatrında konsert verməyi planlaşdıran gənc repçi Şəhriyar Məcidzadənin konserti baş tutmamışdı. Buna səbəb isə polislərin "Vətən" kinoteatrına gələrək, konsertin qeyri-qanuni olduğunu bildirmələri olub. Yəni polislər konsertin keçirilməsinə icazə verməyiblər.

Musavat.com-un məlumatına görə, buna etiraz olaraq, fevralın 19-da gənc reper etiraz aksiyası keçirməyi planlaşıdırıb. Saat 13:30-da keçirilməsi gözlənilən aksiya da baş tutmayıb.

Belə ki, aksiyanın başlanmasından öncə 4 nəfər mülki geyimli şəxs Şəhriyar Məcidzadəni 10-GV-543 dövlət nömrə nişanlı avtomobilə mindirərək, naməlum istiqamətdə aparıblar.

Hadisənin şahidlərinin verdikləri məlumata görə, Şəhriyar Məcidzadəni saxlayan şəxslər idmançı görkəmində olublar. Onlar Şəhriyarın saxlanmasının səbəbləri haqqında heç bir məlumat verməyiblər.

Qeyd edək ki, Şəhriyar Məcidzadə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı oğludur. O, "Kabus" ləqəbi ilə tanınır.

AzNews.az