Lənkəranda yanğın- FOTO

19 Fevral 2014 16:33 (UTC+04:00)
Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az Cənub TV-yə istinadən məlumat verir ki, yanğın hadisəsi saat 14:30 radələrində Lənkəran şəhəri, Nizami küçəsi, 84 nömrəli binanın dam hissəsində qeydə alınıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

İkimərtəbəli binanın damında başlanan yanğının genişlənməsinə yanğınsöndürənlər gələnə qədər bina sakinləri imkan verməyib. Yanğın saat 15:20-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb və mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisənin baş verməsinə gəldikdə isə buna odun sobasından çıxan qığılcımların səbəb olduğu bildirilir. Qəribəsi odur ki, həmin bina çoxdan qazla təmin olunsa da, nədənsə 4-cü mənzilin sahibi Azad Ağayev evini odun sobası ilə qızdırmağa qərar verib. Nəticəsi isə göz qabağındadır. Tüstü bacasından çıxan qığılcım damda yanğına səbəb olub, binanın çardağ hissəsi dam örtüyü ilə birlikdə 15 kvadratmetr sahədə yanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az